Şeyx bu dəfə İraqla münasibətlərdən danışdı

  • By admin
  • 07 Avqust 2021 23:44

 

Avqustun 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşdə QMİ sədri Azərbaycan ilə İraq arasındakı əlaqələrin tarixi dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edərək, Komissiyanın ikinci iclası və səfər çərçivəsində keçirilmiş bir sıra görüşlər zamanı əldə edilmiş razılaşmaların ölkələrimiz və xalqlarımız arasında səmərəli əməkdaşlığın, əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inandığını vurğulayıb, bu fəaliyyətlərə xeyir-dua diləyib. A.Paşazadə Azərbaycan ilə İraq arasında ənənəvi mədəni, dini-mənəvi əlaqələrin hər zaman böyük önəm daşıdığını xüsusi vurğulayaraq, bu zəmin üzərində münasibətlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan-İraq mədəni-mənəvi münasibətlərinin tarixinə toxunan QMİ sədri Azərbaycanda yerləşən İslama aid tarixi məkanların müsəlmanlar, o cümlədən İraq müsəlmanları üçün maraq doğurduğuna diqqət çəkib. Bildirib ki, inşallah, tezliklə pandemiyanın səngiməsindən sonra Azərbaycan ilə İraq arasında qarşılıqlı zəvvar səfərlərinin mütəmadiliyi prioritet olmalıdır.
QMİ-nin sədri Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin haqq mübarizəsinə beynəlxalq müstəvidə dəstək verən İraq cəmiyyətinin mövqeyini xüsusi dəyərləndirib. İşğaldan azad olunmuş Qarabağ torpaqlarında dağıdılmış məscid və ibadətgahların tezliklə bərpası və yenidən qurulması ilə əlaqədar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müjdəsini qonaqların diqqətinə çatdıran şeyxülislam bunu təkcə ölkəmizin milli-mənəvi dəyərlərinə diqqət və qayğı deyil, dünya miqyasında ümumislam dini-mənəvi irsinə töhfə, ehtiram nümunəsi kimi qiymətləndirib. QMİ sədri ümidvar olduğunu bildirib ki, iraqlı qonaqlar gələcək səfərlərində Qarabağın bərpa olunmuş məscid və ziyarətgahlarını ziyarət edə biləcəklər.
A.Paşazadə Azərbaycanın dahi şairi Füzulinin xalqlarımız üçün böyük dəyər kəsb edən mədəni-mənəvi irsinin tədqiqi və təbliğinin əhəmiyyətinə toxunaraq, onun İraqdakı məqbərəsinin hər zaman diqqət mərkəzində olduğunu qeyd edib.
İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybani bildirib ki, Azərbaycana səfərinin məqsədi ikitərəfli əlaqələri daha da dərinləşdirməkdir. “Səfərimiz zamanı bir çox sahələrdə münasibətlərin genişləndirilməsi üçün müvafiq danışıqlar apardıq. Əlaqələrimizin qədim tarixi var. Dövlətlərimiz bir-birinə sıx tellərlə bağlıdır. Dahi Füzuli bu bağlardan biridir. Azərbaycan və İraq əlaqələrin daha da dərinləşdirilməsində əzmlidir. İraq da Azərbaycan kimi, bir çox münaqişələrə məruz qalıb. Şadıq ki, münaqişələr başa çatıb və hazırda ölkələrimizdə sülh hökm sürür”, -deyə nazir qeyd edib.
Arkan Şihab Al-Şeybani Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni ölkəsinə səfərə dəvət edib.

Gununsesi.info