Şeyx Türkiyənin Diyanət İşləri başqanına məktub yazdı

  • By admin
  • 02 Avqust 2021 17:10

QMİ sədri Şeyxulislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali ERBAŞA məktub yazıb:

Gununsesi.info həmin məktubu təqdim edir:

Möhtərəm qardaşım!
Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar bizi hədsiz sarsıtdı. Azərbaycan və Qafqaz müsəlmanları adından cənabınızın şəxsində bütün qardaş türk xalqına, yanğınlarda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm.
Uca Rəbbimizə dua edirik ki, Türkiyə Cümhuriyyətinin müdrik dövlət rəhbərinin atdığı qətiyyətli addımlar sayəsində qüdrətli Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gəlsin, inşallah!
Hər zaman olduğu kimi, bu çətin günlərdə Azərbaycan dövləti və xalqı hər qardaş Türkiyənin yanındadır.
Əziz qardaşım!
Bu günlərdə Azərbaycanın məscidlərində qardaş Türkiyə dövlətinin yanğınlarla bağlı bu sınaqdan da tezliklə qurtulması üçün dualar edilir. Qürurvericidir ki, fəlakətin nəticələrinin aradan qaldırılmasında müvafiq qurumlarımız çiyin-çiyinə mübarizə aparmaqdadır. Əminəm ki, birgə səylərimiz öz nəticəsini verəcəkdir inşallah.
Möhtərəm qardaşım!
Bir daha Sizə həlak olanlarla bağlı dərin hüznlə başsağlığımızı ifadə edirəm. Cənabi Haqq qardaş ölkələrimiz və xalqlarımızı hər zaman qalib və bəxtiyar qərar versin! Allah-Təala bizləri bəlalardan hifz etsin, Amin!

Dərin ehtiramla,
Şeyxülislam
Allahşükür PAŞAZADƏ

Gununsesi.info