Sezonun son uğurlu tamaşası – “Paris Notr-Dam”

  • By Admin2
  • 29 İyun 2026 16:46

Sezonumun son tamaşası- “Paris Notr-Dam tamaşasına” baxdım.

“ƏSA Teatrı”nı, Nihad Qulamzadəni və ümumən bütün heyəti ürəkdən təbrik edirəm.

Əvvəla ona görə ki, əsl anşlaq oldu. Bu, təkcə bu tamaşanın yox, ümumən teatr adına böyük uğurdur.

Əsasən simaları tanış olmayan gənc, ancaq kifayət qədər uğurlu olan aktyor və aktrisaların rolları ilə möhtəşəm bir tamaşa oldu.

Tamaşanı həm də ona görə uğurlu hesab edirəm ki, izləyənlər arasında bir xeyli həmin əsərdən məlumatı olmayan adamlar var idi. Əgər əsərdən məlumatı olmayan adamlara da təsir edibsə, növbəti dəfə təbrik etməyə dəyər.

Xüsusilə Klod Frolo, Kvazimodo, kapitan Fed obrazlarına təşəkkür düşür.

Əgər tənqid demək lazımdırsa, hesab edirəm, Esmeralda obrazı üzərində bir qədər də işləmək lazımdır.

Qısaca onu demək olar ki, Esmeralda obrazının əsərdəki əsl mahiyyəti üzə çıxmalıdır. Yəni daha çox şəhvət fonunda görünməməlidir. Bunun açıq görünməməsinin hazırda yeganə səbəbi kollektivin ümumi performansıdır.

Çünki Parisin Notr-Dam kilsəsi sadəcə bir sevgi faciəsi deyil, o, həm də cəmiyyətin qəddarlığı, gözəllik anlayışı, hakimiyyət, din və insanlıq haqqında yazılmış romandır və obrazlar bunları çatdırmağa xidmət etməlidir. Onsuz da, əsərin mərkəzində sevgi deyil, insanın zahirinə görə mühakimə olunması dayanır. Ancaq bu tamaşa daha çox sevgi tamaşası kimi görünərsə, bu, Esmeralda başda olmaqla, digər əsas aktyorların da zəifliyi hesab oluna bilər.

Başqa sözlə desək, Kvazimodo eybəcərdir, amma qəlbi təmizdir. Fibus yaraşıqlıdır, amma zəif və ikiüzlüdür. Frollo din adamıdır, amma ehtirasının quluna çevrilir. Esmeralda gözəldir, amma məhz gözəlliyi onun faciəsinə səbəb olur. Bax bu faciə adi bir dram kimi görünməməlidir.

Tamaşada diqqət çəkən bir nüans da aktyorların ifaları idi. Baxmayaraq ki, onlar müğənni deyil (Cavidan Novruz istisna), o hissələrə də maraqlı və uğurlu demək olar.

Düşünürəm ki, tamaşada gözə görünən və görünməyən xırda qüsrlar yeni sezonda tamamilə aradan qalxacaq.

Məsələn, mən tamaşada Kvazimodonun fədakar sevgisini, Frollonun sahib olmaq istəyini gördüm.

Ancaq Fibusun ötəri həvəsi, Esmeraldanın saf, amma sadəlövh sevgisi bir qədər görünmədi.

Yaxşı teatr yalnız hadisəni danışmır, tamaşaçını həmin hadisənin içinə salır.

“Paris Notr-Dam”ın bu səhnə həllində də bəzi anlarda insan özünü sadəcə izləyici yox, hadisələrin şahidi kimi hiss edirdi. Məncə, teatrın əsas gücü də elə buradadır.

Bütün hallarda ortada böyük zəhmət, əziyyət var və uğurlu bir işə görə tamaşaçı sevgilərimi çatdırıram.

Elmar

Gununsesi.info