Noyabrın “17-də Baku Expo Center”də Azərbaycan Elm və Təhsil Nazirliyinin və “STEAM Azərbaycan” layihəsinin dəstəyi ilə təşkil olunan Beynəlxalq STEAM Festivalının (SAF 2025) açılış mərasimi keçirilib.
Mərasimdə Elm və Təhsil Naziri Emin Əmrullayev, dövlət orqanlarının nümayəndələri, parlament deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, KİV nümayəndələri, həmçinin tanınmış ictimai xadimlər iştirak ediblər.
Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov tədbir haqqında öz təəssüratlarını bölüşüb:
“Dünən SAF 2025 – STEAM tədbirində iştirak etdim. Ölkənin bütün bölgələrindən gəlmiş şagirdlərin yaratdığı mühit o qədər enerji dolu, o qədər həvəsli idi ki, həmin zalda Azərbaycanın gələcək alimlərini, mühəndislərini, dizaynerlərini, proqramçılarını görməmək mümkün deyildi. Uşaqların gözündə parıltı vardı – bu parıltı isə imitasiya ilə yox, praktik bacarıq, yaradıcı düşüncə və problem həll etmə kimi XXI əsrin əsas kompetensiyalarının formalaşması ilə bağlıdır.
STEAM haqqında yazılan bəzi tənqidlər isə təəssüf ki, elmi əsaslara deyil, köhnə pedaqoji yanaşmaya söykənir. Bu model internetdən tapılmış “təcrübələr yığını” deyil, UNESCO və OECD-nin 2030 təhsil çərçivəsində xüsusi vurğuladığı fənlərarası inteqrasiya metodologiyasıdır. Dövlət standartlarımızın özündə real həyat problemlərinin elmlərarası biliklərlə həll olunması tələbi var və bu, STEAM-in nəzəri bazasıdır. Ölkədə minlərlə müəllim rəsmi təlimlərdən keçib, yüzlərlə məktəbdə laboratoriyalar qurulub – problem varsa da, sistem imitasiya deyil, məhz elmi əsaslarla qurulur”.

Kamran Əsədov qeyd edib ki, STEAM-ı “plagiat təcrübə” kimi təqdim etmək də doğru deyil, çünki bu model eksperiment dizaynı, mühəndislik yanaşması, “design thinking” və tətbiqi riyaziyyat kimi illərdir elmi dövriyyədə olan metodologiyalara əsaslanır:
“Əgər hansısa müəllim internetdən nəsə köçürürsə, bu metodun yox, həmin müəllimin professional boşluğunun göstəricisidir. Ali məktəblərdə də artıq tətbiqi riyaziyyat, robototexnika və STEM pedaqogikası üzrə modullar açılıb, dəyişiklik mərhələli gedir və real nəticələr verir.
Ən əsası, PISA 2022-də problem həll etmə və yaradıcı düşüncə üzrə artım təsadüfi deyil — məhz layihə əsaslı öyrənmənin, robototexnikanın və mühəndislik yönümlü tapşırıqların nəticəsidir. Əgər STEAM imitasiya olsaydı, bu inkişaf qeydə alınmazdı. Dünən gördüyüm uşaqların yaratdığı layihələr bir daha göstərdi ki, istedad çoxdur və doğru mühit olduqda nəticə dərhal üzə çıxır.
STEAM-ı inkar etmək yerinə onu daha da gücləndirmək lazımdır, çünki gələcəyin bacarıqları məhz bu model üzərində qurulur”.
Şəbnəm













