Azərbaycanın Fransadakı səfirliyinin və Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə Strasburq Universitetində ALİM elmi assosiasiyasının “Təhsil elçiləri: Fransada Azərbaycan tələbələri” mövzusuna həsr olunmuş illik yığıncağı keçirilib.
Gununsesi.info bildirir ki, tədbirin əsas məqsədi Fransada təhsil almış və hazırda təhsil alan azərbaycanlı tələbə və doktorantların Azərbaycanın akademik və elmi inkişafındakı rolunu ön plana çıxarmaq, eləcə də Azərbaycan–Fransa universitetlərarası əməkdaşlığının strateji əhəmiyyətini vurğulamaq olub.
Görüşdə keçmiş məzunlar, hazırkı tələbələr, elmi və akademik dairələrin nümayəndələri bir araya gələrək ali təhsilin beynəlmiləlləşdirilməsi, iki ölkə arasında akademik əməkdaşlığın hazırkı mərhələsi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Tədbir ALIM elmi assosiasiyasının rəhbəri iqtisad üzrə elmlər doktoru Günel Səfərovanın açılış nitqi ilə başlanıb. O, çıxışında iştirakçıları salamlayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıya çıxan əsas strateji vəzifələrdən birinin təhsil sisteminin modernləşdirilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi olduğunu xatırladıb, bu kontekstdə xaricdə təhsil proqramlarının yüzlərlə gənc azərbaycanlının dünyanın aparıcı universitetlərində təhsil almasına imkan yaratdığını vurğulayıb.
Günel Səfərova Fransanın bu prosesdə Azərbaycan üçün xüsusi tərəfdaşlardan biri olduğunu, Fransa universitetlərinin azərbaycanlı tələbə və doktorantlar üçün yalnız yüksək akademik mühit deyil, həm də elmi araşdırma mədəniyyəti və beynəlxalq əməkdaşlıq baxımından zəngin platforma rolunu oynadığını bildirib.
Günel Səfərova tədbirin məzmununa toxunaraq, 1990-cı və 2000-ci illərdə xaricdə təhsil siyasətinin formalaşmasına nəzər salınacağını, müzakirələrin isə gələcəyə yönələrək “Fransa və Azərbaycan arasında akademik əməkdaşlıq hansı istiqamətlərdə inkişaf edə bilər?”, “Azərbaycanlı tələbələrin beynəlxalq akademik mühitdə rolu necə gücləndirilə bilər?” və “Bu əməkdaşlıq Azərbaycanın gələcək inkişafına necə töhfə verə bilər?” kimi suallar ətrafında aparılacağını qeyd edib. Çıxışın sonunda ALIM elmi assosiasiyasının rəhbəri tədbirin təşkilinə göstərilən dəstəyə görə Fransadakı Azərbaycan Respublikasının Səfirliyinə, xüsusilə səfir Leyla Abdullayevaya, eləcə də Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılova assosiasiya və şəxsi adından təşəkkürünü bildirib.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov və fəxri qonaq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov çıxış ediblər.
Çıxışlarda Azərbaycan–Fransa akademik əməkdaşlığının strateji əhəmiyyəti, xaricdə təhsil proqramlarının yeni mütəxəssis nəslinin formalaşmasındakı rolu və Fransada təhsil almış azərbaycanlı tələbələrin ölkənin insan kapitalının inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Səfir Leyla Abdullayeva çıxışında Azərbaycanın müstəqillikdən sonrakı dövrdə xaricdə təhsil siyasətinin tarixi inkişafına toxunaraq, mühacirət dövründəki ilk dalğadan sonra 1970-ci illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Sovet İttifaqının aparıcı universitetlərinə göndərilən gənclər, eləcə də 2007-ci ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramı çərçivəsində formalaşan yeni təhsil dalğası barədə danışıb.
O, bu proqramların əsas məqsədinin xaricdə əldə edilən bilik və bacarıqların Azərbaycanda tətbiqi və ölkənin inkişafına yönəldilməsi olduğunu qeyd edib, hazırda Fransada 1100-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdıraraq onları «təhsil elçiləri» kimi Azərbaycanın səsini yaşadıqları cəmiyyətlərə çatdırmağa çağırıb.
Səfir Fəxrəddin İsmayılov nitqində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra açılan yeni sülh dövrünün insanlarımız üçün təqdim etdiyi inkişaf və tərəqqi imkanlarından bəhs edib. O, çıxışında Fransa və ümumilikdə istənilən digər xarici ölkədə Azərbaycan haqqında həqiqətlərin çatdırılması və müsbət təsəvvürün formalaşmasında tələbə və tədqiqatçılarımızın əvəzolunmaz təsirli rolunu vurğulayaraq, tədbir iştirakçılarını və onların timsalında xaricdəki bütün tələbə və tədqiqatçılarımızı ölkəmizlə bağlı elmi, mədəni və ictimai təşəbbüslərində fəal iştirak etməyə dəvət edib.
Fəxri qonaq Lətif Hüseynov çıxışında ALIM elmi assosiasiyasının illik toplantısına dəvət üçün təşəkkür edib və belə təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsini alqışlayıb. O, xaricdə təhsil dövlət proqramının ikinci dalğasının iştirakçısı kimi şəxsi təcrübəsini bölüşərək, real həyat nümunələrinin gənclər üçün motivasiyaedici rolunu və elmi fəaliyyətin, tədqiqatın uzunmüddətli üstünlüklərini xüsusilə önə çəkib.
«Xaricdə təhsil siyasətinə baxış və məzunların təcrübələri» adlı ilk paneldə Strasburq Universitetinin Siyasi elmlər və hüquq üzrə məzunu və Milli İdarəetmə Akademiyası – ENA məzunu Azər Məhərrəmli 1990-cı illərdə azərbaycanlı tələbələrin xaricə göndərilməsi üzrə ilk təşəbbüslərdən, həmin dövrün tarixi və institusional kontekstindən, həmçinin Fransada əldə olunan akademik təcrübənin yaratdığı imkanlar və çətinliklərdən bəhs edib.
Daha sonra tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Dr. Sənubər Kərimova və İmmunogenetika / bioinformatika üzrə fəlsəfə doktoru Dr. Türkan Səmədova 2000-ci illərdən etibarən xaricdə təhsil proqramlarının, təqaüd və beynəlxalq akademik mobillik mexanizmlərinin institusional formalaşması, universitetlərarası tərəfdaşlıqlar və məzunların Azərbaycanın iqtisadi, elmi və institusional inkişafına verdikləri töhfələr barədə çıxış ediblər.
Bu il Azərbaycanda elan olunmuş «Şəhərsalma və Memarlıq İli»nə həsr olunmuş ikinci paneldə Amerikanın Klarkson Universitetinin məzunu, mühəndislik üzrə elmlər doktoru Tural Babayev öz təqdimatında mülki tikinti mühəndisliyi sahəsində təhsil perspektivlərini, Azərbaycanda tətbiq edilə biləcək innovativ həlləri və elmi layihələrin sənayeləşdirilməsi imkanlarını diqqətə çatdırıb. O, həmçinin Azərbaycanda şəhərsalma, memarlıq və tikinti sahəsində əmək bazarının üstünlüklərini, mühəndislik sahəsində elmi potensialın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin davamında ALIM elmi assosiasiyasının İdarə Heyətinin Azərbaycandan onlayn qoşulan üzvləri – o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Cihaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bakirova və Sumqayıt Dövət Universitetinin Texnika elmləri doktoru Bəhruz Əmiraslanov – assosiasiyanın ilk günlərindən formalaşan tərəfdaşlıq və gənc alimlərin beynəlxalq elmi mühitdə çıxışlarının əhəmiyyətini qeyd ediblər.
Onlar ALIM elmi assosiasiyasının elmi tədbirlərin təşkilində, birgə layihələrdə və gənc tədqiqatçıların beynəlxalq platformalara çıxışında oynadığı rolu yüksək qiymətləndiriblər.
Assosiasiyanın Ümumi Yığıncağı çərçivəsində ALIM elmi assosiasiyasının son dövrdəki fəaliyyətləri, elmi layihələri və təşəbbüsləri üzrə hesabat təqdim olunub, doktorant və gənc tədqiqatçılar şəbəkəsinin inkişaf perspektivləri, Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətlərində planlar müzakirə edilib. Həmçinin gələcək dövr üçün birgə elmi layihələr, mübadilə proqramları, mentorluq platformalarının genişləndirilməsi kimi prioritet istiqamətlər müəyyənləşdirilib.
Ümumi müzakirə və sual-cavab sessiyasında iştirakçılar xaricdə təhsil təcrübələrinin paylaşılması, elmi tədqiqat şəbəkələrinə qoşulma, həmçinin Azərbaycan–Fransa akademik əməkdaşlığının yeni mərhələsində tələbə və gənc alimlərin fəal rolu barədə fikir mübadiləsi aparıblar. Yığıncaq rəsmi bağlanışla yekunlaşıb və iştirakçılara gələcək elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulanıb.












