Gununesi.info xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkənin elmi potensialının gücləndirilməsi və elmi nəticələrin iqtisadiyyata tətbiqi işini yaxşılaşdırmaq üçün elm sahəsinə ayrılması nəzərdə tutulan 257 milyon 920 min 835 manat vəsait elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, təhsil və elmin iqtisadi inkişafla əlaqələndirilməsinə yönəldiləcək.
“Büdcə layihəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə ayrılacaq 4 milyon 700 min manat vəsaitin məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərməyə, insan alverinin qurbanlarına yardım etməyə, erkən nikah hallarının qarşısını almağa, sağlamlıq imkanları məhdud olan uşaqlara sosial və psixoloji işin təşkilinə xərclənməsi nəzərdə tutulub”, – o vurğulayıb.
Musa Qasımlı qeyd edib ki, 2027-ci ilin dövlət büdcə layihəsinin qəbulu, yerinə yetirilməsi ölkəmizin bütün sahələrdə qüdrətini daha da artıracaq və irəli aparacaqdır.












