Bəzən sosial şəbəkələrdə taksi sürücüsü ilə sərnişin arasında ödəniş mübahisələrinin olduğunu görürük.
Bu cür mənzərə həm də problemlərin olduğundan xəbər verir.
Məsələn, bu yaxınlarda yayılan görüntülərin birində sürücü sərnişini ödəniş etmədiyi üçün maşında saxladığı görünür.
Bəs qanun bu məsələyə necə yanaşır?
Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi baxımından ümumi yanaşma belədir ki, sərinişin pulu ödəməlidir. Əgər taksi xidməti göstərilibsə, sərnişin həmin xidmətin haqqını ödəməlidir. Pulu əvvəlcədən ödəmək, kartla ödəmək və s. məsələləri konkret taksi xidməti ilə bağlanan müqavilənin, qaydaların şərtlərindən asılı ola bilər. Yəni sərnişinin “pul yoxdur, ona görə də ödəməyə bilərəm”deməsi borcu avtomatik aradan qaldırmır. Sürücü isə ödənilməmiş məbləğin tələb edilməsi üçün hüquqi vasitələrdən istifadə edə bilər. Amma sürücü sərnişini maşında saxlaya bilməz.
Hüquqşünas həmçinin deyib:
Əsas məsələ məhz budur ki, məsələn, “Pulunu verməsən, qapını açmıram, maşından düşə bilməzsən” deyərək şəxsin iradəsinə zidd olaraq onu avtomobildə saxlamağa başlayırsa, bu artıq sadəcə “pulumu tələb edirəm” məsələsi deyil. Azərbaycan Cinayət Məcəlləsinin 145-ci maddəsi “Qanunsuz azadlıqdan məhrum etmə” adlanır. Maddənin 145.1-ci hissəsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməni də ayrıca cinayət kimi nəzərdə tutur. Yəni sürücünün sərnişini zorla, qapıları bağlamaqla, avtomobili hərəkətdə saxlamaqla və ya başqa formada getməsinə faktiki mane olması, konkret vəziyyətdən asılı olaraq, qanunsuz azadlıqdan məhrum etmə kimi qiymətləndirilə bilər. “Amma ş mənim pulumu verməyib” müdafiə deyil. Burada çox adamın səhv başa düşdüyü məqam budur. Məsələn, taksi 20 manatdır, sərnişin ödəmir. Sürücü polis çağırır və sərnişinin kimliyini müəyyənləşdirib məsələni hüquqi qaydada həll etməyə çalışır. Bu normal hüquqi yoldur. Amma sərnişin ödəmir. Sürücü qapıları bağlayır, “pulunu verməyənə qədər buraxmıram” deyir və sərnişinin çıxmasına imkan vermir. Burada sürücü öz tələbini zorla həyata keçirməyə çalışır. Hüquq sistemi şəxsin özbaşına “cəza verməsinə” və borcu belə üsulla tutmasına icazə vermir. Başqa sözlə, sərnişinin borclu olması sürücüyə həmin şəxsin azadlığını məhdudlaşdırmaq hüququ vermir.
Elmar












