Türkiyə şou-biznesində böyük əks-səda doğuran və tanınmış simaların adının hallandığı narkotik istifadəsi ilə bağlı genişmiqyaslı istintaqda yenilik baş verib.
Gununsesi.info xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində, aralarında məşhur müğənni Mabel Matiz (Fatih Karaca), Türkan Şorayın qızı, aktrisa Yağmur Ünal və tanınmış iş adamı Volkan Bahçekapılının da olduğu 10 nəfərin Məhkəmə Tibb Ekspertizası tərəfindən götürülən analizlərinin cavabı açıqlanıb. Hazırlanan rəsmi ekspertiza hesabatına əsasən, bu şəxslərin narkotik test nəticələri pozitiv çıxıb və sənəd istintaq işinə əsaslı sübut kimi daxil edilib.
Məhkəmə Tibb Ekspertizası tərəfindən təqdim olunan hesabatda şübhəlilərin qan, sidik və saç nümunələrinin ciddi laboratoriya müayinəsindən keçirildiyi qeyd olunur.
Qeyd edək ki, may ayında reallaşan və cəmiyyətdə böyük səs-küyə səbəb olan bu əməliyyat çərçivəsində adıçəkilən şəxslər saxlanılaraq ifadələri alınmış və analiz nümunələri verdikdən sonra sərbəst buraxılmışdılar. Prokurorluğun rəsmi ekspertiza hesabatını qəbul etməsindən sonra məşhurlarla bağlı məhkəmə və istintaq prosesinin hansı istiqamətdə davam edəcəyi isə hazırda bütün medianın və ictimaiyyətin diqqət mərkəzindədir.\












