Ucarın icra başçısı kəlbəcərliləri rayondan çıxarır - VİDEO

  • By admin
  • 06 Fevral 2023 17:44

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bu rayonda məskunlaşan kəlbəcərliləri deyəsən, qayıdışdan öncə rayondan uzaqlaşdırmaq niyyətindədir.

Bu barədə Gununsesi.info-ya Kəlbəcərin işğalından sonra bu bölgədə yaşayan və uzun illlərdir ki, fermer təsərrüfatı quran Fazil Təhməzov deyib.

Onun sözlərinə görə, icra başçısı Lək bələdiyyəsinin sədri Nazir Şükürovun vasitəsi ilə təyinatı örüş-otlaq olan torpaqları əkdirir. Bu isə onların qoyunçuluq təsərrüfatının sıradan çıxarılması deməkdir.

Kəlbəcək köçkünü bildirir ki, hər il ödənişi olmaqla həmin ərazilərdən örüş -otlaq sahəsi kimi qoyunlarını saxlaya biliblər:  “İndi bələdiyyə sədri deyir ki, daha rayonunuz azaddır, çıxın gedin. Bizim rayona qayıtmağımızı nə icra başçısı, nə də bələdiyyə sədri həll etmir. Cənab Prezidentin Qayıdış Planına uyğun olaraq, biz öz yurdumuza gedəcəyik.

Ölkə başçısına müraciət edən Fazil Təhməzov bu müraciətini Gununsesi.info-ya təqdim edib.

Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyəti münasibət bildirməkdən yayınıb.

Qeyd edək ki, Mənsur Məmmədov hələ bir müddət əvvəl Şəhidlər Xiyabanının ərazisini də qohumlarının adına sənədləşdirib, satışa çıxardığına görə gündəmə gəlmişdi.

Görünür, yaxın qohumu Ziya Məmmədovun yola salınmasından xeyli vaxt keçdiyini və vəzifəsini itirmək qorxusunu adladan Mənsur Məmmədov yenidən tamahının dalınca gedir.

Yoxsa, nədən Kəlbəcər köçkünlərini indidən rayondan uzaqlaşdırmaq istəsin ki..

Elmar Elnuroğlu

Gununsesi.info