Vitse-spikerdən Erkin Qədirlinin “deputatları xalq seçməyib” açıqlamasına reaksiya - MƏNİ XALQ SEÇİB

  • By admin
  • 25 Yanvar 2023 18:56
Milli Məclisin deputatı Erkin Qədirlinin “Özüm qarışıq, heç bir deputatı xalq seçməyib” deməsi böyük rezonansa səbəb olub. 
Sosial şəbəkələrdə minlərlə insan deputatın bu cavabını paylaşaraq, parlamenti ələ salıb.
Gununsesi.info bildirir ki, vitse-spiker Adil Əliyev həmkarına cavab verib.
Onun qeydlərini təqdim edirik:
Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili jurnalistin sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır.
Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm: “Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm”.
Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatıyla tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.

Afət Abbasova
Gununsesi.info