Xameneinin 3 günlük vida mərasimi keçiriləcək

İranın mərhum ali lideri Seyid Əli Xameneinin cənazəsinin dəfni üçün 3 günlük vida mərasimi və 24 saatlıq yürüş nəzərdə tutulur.

Gununsesi.info  “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Tehran meri müavininin mədəniyyət və sosial məsələlər üzrə köməkçisi Məhəmmədəmin Tökülizadə bildirib.

Onun sözlərinə görə, ölkə üzrə müxtəlif qurumların və bələdiyyələrin iştirakı ilə cənazənin yola salınması, dəfn yürüşü və torpağa tapşırılması üçün geniş hazırlıqlar yekunlaşmaq üzrədir.

Məhəmmədəmin Tökülizadə bildirib ki, Tehranda cənazənin yola salınması üçün 3 günlük vida proqramı və ən azı 24 saat davam edəcək dəfn yürüşü planlaşdırılıb. Hazırda mərasimin keçiriləcəyi yer dəqiqləşdirilir və seçim Tehran Müsəllası ilə İmam Xomeyninin məqbərəsi arasında aparılır. Yekun qərarın bu gün (çərşənbə axşamı) elan ediləcəyi gözlənilir.

Tökülizadə əlavə edib ki, Tehrandakı mərasimdən sonra cənazə oxşar tədbirlər üçün əvvəlcə Qum, daha sonra isə Məşhəd şəhərlərinə aparılacaq.

Onun sözlərinə görə, verilən tövsiyələrə əsasən, Seyid Əli Xameneinin son dəfn yeri İmam Rza (ə) ziyarətgahı olacaq. Məşhədin coğrafi mövqeyini nəzərə alaraq, Pakistan, Əfqanıstan, Hindistan, Banqladeş və Kəşmir bölgəsindən çoxlu sayda xarici zəvvarın şəhərə gələcəyi gözlənilir. Bu səbəbdən SEPAH qüvvələri zəvvarların qəbulu və dəfn mərasiminin təşkili üçün xüsusi hazırlıqlar görüblər.
Tökülizadə qeyd edib ki, insanların çoxsaylı iştirakı Tehran meri Əlirza Zakani ilə böyük şəhərlərin bələdiyyə başçılarının iclasında müzakirə edilib və bütün bələdiyyə rəhbərləri tam hazırlıq vəziyyətində olduqlarını bildiriblər.

O həmçinin deyib ki, Tehranın ətraf şəhərləri də izdihamın idarə olunmasında mühüm rol oynayacaq. Ölkənin müxtəlif bölgələrindən paytaxta gələn zəvvarların yerləşdirilməsi üçün Qum, Kərəc, Qəzvin, Saveh, eləcə də şərq istiqamətində Semnan, Gərmsar və Vəramin şəhərləri bir gecəlik qonaqlama və qəbul funksiyasını yerinə yetirəcəklər ki, dəfn mərasimi nizamlı və yüksək səviyyədə keçirilsin.

 

Gununsesi.info