Yağısla baş-başa… - Buludlara qoşulub gedərkən...

Yağış yağır Bakıya. Əslində necə gündür ki, siyası yazılarla yağışın içimə axıtdığı duyğuları basdırmağa, siyasi proseslərin məntiq sərhədlərindən kənara boylanmamağa çalışıram, ancaq olmur ki, olmur, yağış əl çəkmir, sanki ruhumu qabağına qoyub döyəcləyir …

Yağış damlalarının səsində çox incə, bir- birinin içində gizlənmiş, ümumi ahəngə tabe olan ritm var və bu səs hər damlanın pıçıltısının qarışdığı bir xor kapellası kimi öz həzin nəğməsi ilə ruhumuza xitab edir.

Bu nəğmə insanı oturduğu yerdən qaldırıb pəncərə önünə səsləyir və səni içində həsrəti sarmaşıq kimi boy atmış adsız, məkanı bəlli olmayan, görünüşünü tərif edə bilməyəcəyin, varlığına belə tam əmin olmadığın, ancaq, nəfəsini, hənirtisini duyduğun bir gözəlin yoxluğunun nisgili ilə baş -başa buraxır, küskün, taqətdən düşmüş ümidlərini ünvansız həsrətin darıxmağı içində qəhr edir.

Susub baxıram, ancaq baxdığım damlaların heç birində qərar tuta bilmirəm, zaman kimi axıb gedən bu damlaların hər biri, sanki xəyallarımdan bir pay göturüb məchulluğa qovuşur və mən beləcə sonsuz kainatın boşluğunda nə olduğumu, kim olduğumu bilmədən aslıb qalıram…

İllərdir ki, yağış mənim üçün içimdə basdırdığım kədərlə istəmədiyim bir görüş, qara küskün buludların hüzün məclisində axıdılan göz yaşlarına şərik olmaqdır. Pəncərə önündəyəm və hiss edirəm ki, boz, qara buludlar gorünməz bir əllə alıb məni aparır və təslim olub getdikcə də onların bu boz , qara çalarları ruhumu süsləyir, içimdəki qəhər də göz yaşları ilə dolmağa başlayır, Kafkanın əbədi küskün, solğun ruhu bir xəyal kimi gəlib bu kədər hekayəsini öz darıxdırıcı təhkiiyyəsi ilə qulağıma pıçıldayır…

Günəşin varlığını unudub bu boz, tutqun havada göy üzündə ləngər vuran ağır buludlara qoşulub yolunu azmış, yağmaçılar tərəfindən yağmalanmış ömür karvanının yorğun sarbanı kimi tanımadığım, bilmədiyim yerlərə doğru niyə getdiyimi belə bilmədən yol alıram.

Ancaq bir şeyə qəti əminəm ki, getdiyim yerdə bir son var, hansı mənzil, hansı yol olursa -olsun, orda bir son gözləyir məni və sonsuz görunən bir aləmi öz idrakımda, varlığımda sonlandırmaq istəyi ilə damlarla dərdləşə – dərdləşə bu yola davam edirəm. Hər kəs bir istəyinin arxasınca getdiyi bu dünyada qərib yolcu kimi sonun ardınca getmək da var imiş qismətdə.

Bəlkə bu yağış elə o sonla görüş anı üçün kimsənin axıtmayacağı göz yaşlarının yerinə yağır… Hər dəfə belə havalarda göy gurultusunu eşidəndə düşünurəm ki, yəqin ki, bu səslər yağışa hamilə buludların doğuş sancılarıdır.

Bu dəfə belə səslər olmadı, sanki buludlar başı üstündən asıldıqları bu şəhərdən yüksələn fəryadların böyüklüyü qarşısında susub öz səslərini içlərində qısdılar.

Heyhat, ancaq göy üzündə qərar tutmuş, öz taleyinin kəndirlərindən asılaraq dünyaya boylanan və öz parçasının harayına yetişə bilməyən boz-qara buludların qismətində bətnindən ayrılan saf təmiz damlaların tozlu küçələrə düşüb çirklənməsinə şahidlik etmək, torpaq tərəfindən udulmasını görmək kimi övlad acısı yaşamaq da varmış.

Bəlkə bu üzdən yağış anası olan buludların üzü tutqun, qaş -qabaqlı olur həmişə. Hələ də pəncərə önündə dayanıb ölən damlalara baxıram və son anda onların yerə evlərin damlarına, yerə çırpılaraq çıxardıqları səsi vida nəğməsi kimi dinləyir, bu olümə tələsən damlaları xilas edə bilmədiyimə görə öz acizliyim içində büzüşurəm..

 

 

Fuad Qəhrəmanlı