Yalçın İslamzadə Türkiyədə son günlər məşhurlaşan və artıq barəsində cinayət işi açılan Deniz Göktaş haqqında danışıb.
O, bu məsələdə dini dəyərlərin qorunması adı altında hüququn seçici tətbiq olunduğunu iddia edib.
Gununsesi.info-nun xəbərinə görə, İslamzadə Türkiyədə komediyaçı Deniz Göktaşın dini dəyərləri təhqir etdiyi iddiası ilə məhkəməyə verilməsini xatırladaraq, keçmiş nazir və hazırkı səfir Egemen Bağış haqqında vaxtilə səsləndirilmiş dini məzmunlu mübahisəli ifadələrin eyni reaksiyanı doğurmadığını bildirib.
İslamzadənin fikrincə, bunun səbəbi hüququn və ictimai reaksiyanın siyasi mənsubiyyətə görə fərqli tətbiq edilməsidir.
O, həmçinin Ankara Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Melih Gökçek haqqında da tənqidi fikirlər səsləndirib.
İslamzadə tələbələrin pulsuz nəqliyyat imkanlarının ləğv edilməsini xatırladaraq, Gökçəyin korrupsiya iddiaları fonunda dini və mənəvi dəyərlərdən bəhs etməsini ziddiyyət kimi qiymətləndirib.
O, Ankara Böyükşəhər Bələdiyyəsinin hazırkı sədri Mansur Yavaş tərəfindən Melih Gökçəklə bağlı prokurorluğa çoxsaylı dosyelərin təqdim edildiyini də qeyd edib.
Yalçın İslamzadə eyni zamanda İrana yaxın media resurslarını da tənqid edib.
Onun sözlərinə görə, həmin platformalar Azərbaycanın İsraillə münasibətlərini hədəfə alaraq ölkəni “sionizmlə əməkdaşlıqda” ittiham edir, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov və yəhudi icması barədə təhqiramiz ifadələr işlədirlər. Bunun fonunda isə o, İranın Rusiyaya verdiyi “Şahed” pilotsuz uçuş aparatlarının Ukraynada mülki əhalinin ölümünə səbəb olması barədə eyni çevrələrin susqun qaldığını iddia edib.
Müəllif, həmçinin Türkiyənin İsraillə davam edən ticarət əlaqələrini xatırladaraq, bəzi iqtidaryönlü media orqanlarının yalnız Azərbaycanı tənqid etməsini ikili standart kimi dəyərləndirib.
Yalçın İslamzadə belə nəticəyə gəlib ki, təşkilatlanmış və siyasiləşmiş din əxlaqi transformasiyadan çox qrup maraqlarına və güc mübarizəsinə xidmət edir.
Onun fikrincə, din fərdi inanc kimi yaşandıqda insanı mənəvi cəhətdən zənginləşdirə və müdrikləşdirə bilər, lakin siyasi alətə çevrildikdə fərqli mahiyyət qazanır.
Elmar











