YAP-çı deputat Azad Balayevin həbsindən DANIŞDI: "İstintaq hərəkətlərinin aparıldığı barədə məlumatım var idi"

YAP Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edildiyi barədə xəbər vermişdik.

Məlumata görə, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla əlaqədar həbs edilib.

Gununsesi.info-nun əməkdaşı Azad Balayevin həbsi ilə bağlı Balakəndən olan YAP-çı deputat Nəsib Məhəməliyevin fikirlərini öyrənib.

Azad Balayevin həbsinin gözlənilən olub-olmadığı barədə suala deputat belə cavab verib: 

“Sonuncu dəfə onunla Yeni Azərbaycan Partiyasının qurultayına hazırlıqla bağlı keçirilən konfransda bir yerdə olmuşuq. Mənim üçün gözlənilən deyildi. Amma İslam Rzayevin həbsi ilə bağlı istintaq hərəkətlərinin aparıldığı barədə məlumatım var idi.

Bu məsələ Yeni Azərbaycan Partiyası ilə bağlı deyil. Azad Balayev icra başçısının birinci müavini vəzifəsində çalışdığı dövrdə yol verdiyi iddia olunan qanun pozuntularına görə istintaqa cəlb olunub. Yəni, məsələ onun Yeni Azərbaycan Partiyasının sədri olduğu dövrlə bağlı deyil.

Onun həbsi İslam Rzayevin işi üzrə ortaya çıxan faktlarla əlaqəlidir. Belə ki, Azad Balayev İslam Rzayevlə birgə işləyib və İslam Rzayevin istintaq zamanı verdiyi ifadələrdən sonra həbs olunub”.

Yeni həbslərin olub-olmayacağı ilə bağlı suala isə deputat belə deyib:

“Bunu heç kim əvvəlcədən deyə bilməz. Mənim kimin həbs olunacağı və ya olunmayacağı barədə məlumatım yoxdur. Bunu yalnız istintaq müəyyənləşdirə bilər. Bu barədə heç kimin indidən qəti fikir söyləməsi doğru olmaz”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info