İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji keçidi prosesi ölkələri yeni enerji strategiyaları formalaşdırmağa vadar edir.
Son illərdə Azərbaycan da bu trendlərə uyğun olaraq yaşıl enerji sahəsində mühüm addımlar atır. Xüsusilə külək və günəş enerjisi üzrə böyük layihələrin reallaşdırılması, həm daxili enerji balansının optimallaşdırılmasına, həm də gələcəkdə ixrac coğrafiyasının genişlənməsinə şərait yarada bilər.
Hazırda regionda aparıcı enerji mərkəzi kimi mövqeyini möhkəmləndirməyə çalışan Azərbaycan üçün yaşıl enerji həm iqtisadi diversifikasiya, həm də geosiyasi üstünlüklərin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Bəs yaşıl enerji layihələrinin genişlənməsi Azərbaycan üçün yeni ixrac imkanları yarada bilərmi və ölkənin enerji strategiyasında hansı istiqamətlər daha prioritetdir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, prof. Nurməmməd Məmmədov vurğulayır ki, ilk növbədə inşaat sektorunda enerji səmərəliliyini artırmaq məsələsi ciddi şəkildə həll olunmalıdır:
“Bu gün enerji təminatı məsələsi bütün dünyada olduğu kimi Azərbaycanda da prioritet sahədir. Yaşıl enerjiyə keçid respublikamız üçün geniç ixrac imkanları yaradacaq. Lakin nəzətə almaq lazımdır ki, bu gün respublikamızda istehsal olunan enerjinin 50%-dən çox hissəsi inşaat sektorunda istehlak olunur. Ona görə də ilk növbədə inşaat sektorunda enerji səmərəliliyini artırmaq məsələsi ciddi şəkildə həll olunmalıdır. Bu sahədə bizim böyük təcrübəmiz var.
Azərbaycanda enerji səmərəliliyi haqqında qanun qəbul olunmuş, yeni tikilən binaların layihələrində “Enerji dəmərəliliyi” bölməsi nəzərdə tutulmuşdur. Lakin təcrübə göstərir ki, bu məsələnin həllində ciddi çatışmazlıqlar var və onlar həll olunmalıdır. Artıq istifadəfə olan binalarda apardığımız təcrübələr göstərir ki, bu binalarin il ərzində 1m2 yaşayış sahəsinin istilik tələbatı daha sərt iqlim şəraitinə malik ölkələdəkindən dəfələrlə çoxdur.
Həmin binaların enerji auditi aparılmalıdır.”
Onun sözlərinə görə bu gün respublikamızda enerji auditi sahəsində Beynəlxalq sertifikatı olan cəmi 3 nəfər mütəxəssis var:
“Onların hamısı AzMİU-da çalışır.
Son olaraq demək istəyirəm ki, yaşıl enerjiyə keçid böyük imkanlar yaradacaq, tükənməkdə olan üzvi yanacaqdan asılılığı azaldacaq, ətraf mühitin ekoloji durumuna müsbət təsir göstərəcək.
Lakin binaların enerji səmərəliliyi artırılmalı, yeni tikilən binaların layihələrində “Enerji effektivliyi” bölməsinə yenidən baxılmalıdır.
Enerji auditorları hazırlamaq üçün xüsusi kursların açılmasına ehtiyac var.
AzMİU-da bunun üçün bütün imkanlar var.”
Gülxanım Əliyeva













