Yunis Səfərov aclığa başlayır - PROKURORUN ÖMÜRLÜK CƏZA TƏLƏBİ ETİRAZLA QARŞILANDI

  • By admin
  • 31 Mart 2021 18:52

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha doqquz nəfər aclıq aksiyası keçirmək qərarı verib.

Gununsesi.info xəbər verir ki, onlar martın 30-da məhkəmədə prokurorun Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər həbs cəzası tələbinə etiraz olaraq bu addımı atdıqlarını deyiblər. Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova məlumat verib.

“Onlar saxta ittihamların həqiqət kimi qəbul olunub, heç bir günahları olmadığı halda belə ağır cəza tələbinə etiraz edirlər. Əhaliyə zülm eləyən Elmar Vəliyevə görə nə qədər adamın taleyini məhv edirlər. Terror, dövlət çevrilişi – hamısı yalandır. Yunis Səfərov özü də deyir ki, onu məhz əhaliyə zülmünə görə vurub, digər təqsirləndirilən şəxslər günahsızdır. Mütəşəkkil dəstə, terror görüntüsü yaratmaq üçün Yunisə salam verənlərin hamısını cəzalandırırlar”, – Zalova belə deyir.

Onun sözlərinə görə, həyat yoldaşı da daxil olmaqla, “Gəncə işi” üzrə mühakimə olunanların aclığa başlaması haqda martın 31-də Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib. Bundan sonra təcridxananın rəisi Elnur İsmayılov onlarla görüşüb: “Deyib ki, bu, hələ son deyil, məhkəmənin hökmü başqa ola bilər. Hökmü gözləməyi məsləhət görüb. Rəislə söhbətdən sonra aclığı dayandırmaq qərarına gəliblər”.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Gununsesi.info