Əli Həsənov Bakıdakı torpaq satışından fantastik məbləğ qazandı

  • By admin
  • 14 Fevral 2023 13:39

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.

Gununsesi.info Axar.az-a istinadən bildirir ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.

Belə ki, “Təchizatçı” ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 097-ci məhəllə, 14B ünvanında yerləşir.

Torpaq sahəsinin ölçüsü təxminən 1,7 hektara yaxındır.

Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.

“Təchizatçı” ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.

Qeyd edək ki, “Təchizatçı” ASC-nin qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.

“Təchizatçı” adı ilə ünvanı Heydər Əliyev pr., 181 və Ziya Bünyadov pr., 15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.

Gununsesi.info