Ərəstun Oruclu: “Bu şantajlar Eldar Mahmudov tərəfindən istiqamətləndirilir” - MTN GENERALLARI MÜSADİRƏ OLUNAN ƏMLAKLARINI TƏHDİDLƏ GERİ ALIB

  • By admin
  • 17 Fevral 2023 13:02

Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılan ləğv olunmuş MTN-nin  sabiq şöbə rəisi Sahib Ələkbərov Baş Prokurorluğun keçmiş rəhbərliyinin onu çıxışlarına görə təhdid etdiyini deyib.

Bildirib ki, çalışdığı dövr ərzində atdığı bütün addımları Zakir Qaralov və Rüstəm Usubovun göstərişi ilə edib. Ona görə də həmin şəxslər də “MTN İşi” çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.

O, həmçinin, Hacı Məmmədov işinə də toxunaraq, bəyan edib ki, bu işin istintaqı prosesində Rüstəm Usubovun ifadəsi müstəntiq kimi o aldığından indi Usubov ondan qisas alır.

Keçmiş MTN zabiti Ərəstun Oruclu Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

-Ərəstun bəy, Sizcə, Rüstəm Usubov, Zakir Qaralov yenəmi bu imkanlara sahibdirlər? Onlar bu təzyiqi necə və hansı formada edə bilər?

 

-Sahib Ələkbərovun bu açıqlaması bunu göstərir ki, vaxtı ilə MTN-də fəaliyyət göstərmiş quldur dəstəsi hansı ki, dövlətin resurslarından onlara verilmiş səlahiyyətlərdən istifadə edərək, vətəndaşları talamaqla, şərləməklə, təhdid etməklə məşğul idi. İndi isə şantaj metoduna keçib. Özünü qorumaq üçün əllərində olan ifşaedici materiallarından, hanısa bildiyi faktlardan istifadə edərək dövlət və hakimiyyət orqanlarını təhdid etməklə məşğuldur. Əslində bunları başa düşmək olar. Çünki, cinayət törədənlər bu tərəfdən məhkum olunurlar, digər tərəfdən isə azadlığa buraxılırlar. Hətta onların mülkiyyətində geri qaytarılır.

 

-Yeri gəlmişkən, bu günlərdə Ali Məhkəmənin sədri Ramiz Rzayev keçmiş MTN rəsmiləri Akif Çovdarov,  Sübahir Qurbanovun  müsadirə olunmuş əmlaklarının geri qaytarılması haqqında qərarları şərh etdi. Bildirdi ki, həmin əmlakların cinayət yolu ilə əldə olunması aşkarlanmayıb?

-Həmin şərhdən görünürdü ki, Ramiz Rzayev də  təhdid olunub. Ramiz Rzayevin fəaliyyəti göz önündədir. O, Azərbaycanın məhkəmə sistemini məhv edən əsas adamlardan biridir. ” Tərtər qətlimı” nın işi üzrə proseslərdə Ali Məhkəmənin qanunsuzluqları göz önündədir.

Ramiz Rzayev indiyədək heç bir məhkəmə qərarını şərh etməyib.

Nə oldu ki, birdən-birə Akif Çovdarov və Sübahir Qurbanovla bağlı qərarı müdafə etdi.  Görünür, ortada hansısa kompromatlar var. Ona görə də bu cinayətkarlara vəkillik edir. Qanunsuz qərar verdikləri bir yana, üstəlik, o qərarı da müdafiə edir.

– Sahib Ələkbərov məsələsinə qayıdaq. Onun Zakir Qaralov və Rüstəm Usubovla bağlı əlində hansı səs yazıları ola bilər? 

– Bu prosesdə hamı bir-birini şantaj etməklə məşğul olub. Mümkündür ki, Sahib Ələkbərov da belə səs yazıları olsun. Bunu isə ona MTN-nin keçmiş rəhbərliyi verib.

Mənə elə gəlir ki, bütün bu cinayətkar dəstə bu gün də fəaliyyətdədir. Hətta deyərdim ki, vahid mərkəzdən idarə olunur.

–  Bəs, bu prosesdə koordinasiyanı həyata keçirən kimdir? 

– Eldar Mahmudov və yaxud Akif Çovdarov ola bilər. Heç kəs əmin deyil ki, Akif Çovdarov bu cinayətkar dəstənin bəlkə də ən əsas fiquru olub. O,  MTN-də kök salmış dəstənin beyin mərkəzi olub və bunu hər kəs bilir. Amma bütün bu şantaj, təhdid artıq elə bir həddə çatıb ki, onlar bu cür mesajlar verməklə faktiki olaraq dövəti təhdid edirlər.

Söhbət Rüstəm Usubovdan, Zakir Qaralovdan getmir, dövlətin bütün qurumlarında o cümlədən də siyasi hakimiyyətdə çox yaxşı bilirlər ki, bu adamların hər ikisi cinayətkardır. Bir daha vurğulayıram ki, Rüstəm Usubov da, Zakir Qaralov da cinayətkardır. Təkcə “Tərtər cinayəti”nə görə bunların törədiyi əməllərə görə onlar hər ikisi mühakimə olunmalıdır. Bu gün dövlətə xəyanət ittihamı ilə tutulmuş “Tərtər qurbanları”nın hamısının üzərindən bu ittiham götürülüb, hamısı bəraət alıb və azadlığa buraxılıbdır. Bu artıq göstərir ki, istər hərbi prokurorluq, istərsə də ona nəzarət edən Baş Prokurorluğun o zamanki rəhbərliyi  cinayət törədib. Bunun başqa adı yoxdur. Amma görünən budur ki, bütün bu cinayətkarlar vahid bir mərkəzdən idarə olunurlar və bu tipli açıqlamalar da əslində birbaşa dövlət və hakimiyyət orqanlarına yönəlib.

Bu da gözlənilən idi. Xatırlayırsınıza,  mən hələ 2016-cı ildə sizə müsahibəmdə  demişdim ki, bunların əlində təkcə 2800 şantaj videosu var. Amma bunların əlində başqa materiallar da var. Audio materiallarda var, telefon danışıqlarının yazılmış qeydləri var və bunlar bu gün bir daha deyirəm ki mütəşəkkil şəkildə fəaliyyət göstərirlər.

Sahib Ələkbərovun  tutduğu vəzifə,  nə  statusu imkan vermir ki, onun əlində hansısa səs qeydləri və yaxud görüntülər olsun. Bunun hamısı o zamanki MTN-in Texniki Əməliyyat Baş İdarəsi, sonradan onun adıni Manitorinq mərkəzi qoymuşdular. Həmin idarə tərəfindən həyata keçirilib ve onlar da bu gün dediyim kimi ya Eldar Mahmudovun ya da Akif Çovdarovun əlindədir.

 

– Sahib Ələkbərovun birdən-birə Hacı Məmmədov məsələsini gündəmə gətirməsi hansı zərurətdən doğdu?

 

-Hacı Məmmədov cinayətinin ifşa olunmasının özündə də çox qaranlıq məqamlar var. Bütün o qondarma əməliyyat, həmin o “qara kəmər”əməliyyatı və bundan sonra Hacı Məmmədovun uzun illər MTN-də saxlanılması və yalnız Eldar Mahmudov vəzifədən kənarlaşdırılandan sonra onun cəzaçəkmə müəssəsinə köçürülməsi ve orda ölməsi ciddi məsələlərdir. Bu göstərir ki, burdada çox qaranlıq məqamlar var. Mən ümumiyyətlə, düşünürəm ki bu dara düşəndə bir-birini şantaj edən bütün bu cinayətkarlar təbii ki, ilk növbədə özlərini xilas etməyə çalışırlar. Amma verilən bu şantaj mesajları ilk növbədə siyasi hakimiyyətədir ki, bu həbslər, tənqidlər dayandırılsın. Diqqət yetirirsinizsə, MTN cinayətkarları faktiki olaraq bir-birinə qarşı ifadə vermirlər, bir- birini ələ vermirlər. Eldar Mahmudovu belə ələ vermirlərvə bir-birini müdafiə edirlər. Bu göstərir ki, “banda” hələ də mütəşəkkil formada fəaliyyət göstərməkdədir. Buna son qoymağın yeganə yolu isə Eldar Mahmudovun həbs olunmasıdır.  Əgər bu olmasa, bu şantajlar davam edəcək və getdikcə artacaq. Proses belə görünür.

Hələlik, dediyim kimi Zakir Qaralov ve Rüstəm Usubovu şantaj etmək adı altında ümumi bir şantaj həyata keçirilir və onun da hədəfi ilk növbədə siyasi hakimiyyətdir. Əgər bunun qarşısı alnaq istəyirlərsə, Eldar Mahmudov həbs olunmalıdır.

Nə qədər ki, Eldar Mahmudov azadlıqdadır bu dayanmayacaq.

 

Pərviz Həşimli

Gununsesi.info