Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Gununsesi.info bildirir ki, bu barədə deputat Vüqar Bayramov deyib:

Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan və ya təklif edilən mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv ediləcək. Bununla belə, həmin şəxslər statusları ləğv olunduqdan sonra da 3 il müddətində dövlətin sosial dəstəyindən yararlana biləcəklər.
Deputatın sözlərinə görə, hazırda keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəştlər bu müddətdə də qüvvədə qalacaq. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan ailənin hər bir üzvünə görə aylıq 60 manat ödənilir. Bundan başqa, dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olunan keçmiş məcburi köçkün ailələrinin övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilir, həmçinin bir sıra dövlət rüsumları üzrə güzəştlər tətbiq edilir.
Vüqar Bayramov vurğulayıb ki, yeni dəyişikliklər bu sosial dəstək tədbirlərinin dövlət tərəfindən mənzillə təmin olunandan sonra da daha 3 il davam etməsini nəzərdə tutur.
Deputat qeyd edib ki, əgər keçmiş məcburi köçkün ailəsinin övladı universitetə qəbul olarkən güzəşt hüququna malikdirsə, bu hüquq yalnız 3 illə məhdudlaşmayacaq. Belə ki, tələbə ali məktəbə qəbul olarkən həmin hüquqa sahibdirsə, təhsil müddəti 3 ildən çox olsa belə, güzəşt onun bütün təhsil dövrü ərzində qüvvədə qalacaq.
Onun sözlərinə görə, qəbul edilən dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını göstərir və onların doğma yurdlarına qayıtdıqdan sonra da müəyyən müddət ərzində sosial müdafiə ilə əhatə olunmasını təmin edir.
Şəbnəm












