Almaniya Azərbaycanı daha geniş strateji tərəfdaş kimi seçir

Almaniyanın Ermənistanla 9 dekabr 2025-ci ildə, Azərbaycanla isə 21 iyul 2026-cı ildə imzaladığı “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamələri” müqayisə etdikdə, Almaniyanın Azərbaycanla münasibətlərə daha geniş strateji məzmun verdiyini göstərən mühüm fərqlər ortaya çıxır.

Bu, xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji, müdafiə və təhlükəsizlik, rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, Orta Dəhliz, geniş iqtisadi əməkdaşlıq, regional və qlobal məsələlərdə yüksək səviyyəli məsləhətləşmələr, sülh prosesinə dəstək kimi istiqamətlərdə, habelə  sənədin əhatə dairəsində, hüquqi çəkisində və müəyyən edilmiş institusional mexanizmlərdə öz əksini tapır.

Bu fərqləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Sülh prosesinə verilən siyasi dəstək

Azərbaycanla imzalanmış Bəyannamədə tərəflər Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan tarixi irəliləyişi, xüsusilə, 8 avqust 2025-ci il Vaşinqton Zirvə Görüşünün nəticələrini və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayırlar. Almaniya regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə və sülh gündəliyinə tam dəstəyini ifadə edir. Ermənistanla imzalanmış sənəddə isə yalnız Azərbaycanla normallaşma prosesinə ümumi istinad edilir. Vaşinqton Zirvə Görüşü, əldə olunmuş irəliləyiş və ya davamlı sülhə nail olunması istiqamətində konkret vurğular yer almır. Bu fərq Almaniyanın Azərbaycanın sülh gündəliyinə və regionda sabitliyin formalaşmasında oynadığı rola daha geniş siyasi əhəmiyyət verdiyini göstərən mühüm göstəricilərdən biri hesab olunur. 

  1. Siyasi dialoq və institusional mexanizmlər

Azərbaycanla imzalanan  sənəddə yüksək səviyyəli müntəzəm siyasi məsləhətləşmələr, nəticəyönümlü (“məxsusi-məzmunlu”) yüksək səviyyəli dialoq, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi aydın şəkildə təsbit edilir. Ermənistanla olan  sənəddə isə nəticəyönümlü yüksək səviyyəli dialoq mexanizmləri ayrıca nəzərdə tutulmur.

  1. İqtisadi əməkdaşlıq və enerji

Azərbaycanla imzalanmış Bəyannamədə Almaniya–Azərbaycan Yüksək Səviyyəli Ticarət və Sərmayə İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi, yaşıl enerji (ötürülməsi), yaşıl hidrogen, aşağı karbon texnologiyaları əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilir. Burada yaşıl enerjinin ayrıca və dəfələrlə vurğulanması təsadüfi deyil. Bu 17 dekabr 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış “Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq Sazişi” ilə tam uzlaşır. Həmin layihə çərçivəsində Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropa bazarına çıxarılması, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və Cənubi Qafqaz ilə Aİ arasında ilk birbaşa elektrik bağlantısının yaradılması nəzərdə tutulur.

Onu da əlavə edək ki, Azərbaycanla Almaniya arasında Biznes Şurasının yaradılması haqqında ayrəca Bəyannamə də qəbul edilib.

Ermənistan sənədində bu səviyyədə konkret institusional mexanizm və iqtisadi- enerji gündəliyi mövcud deyil.

  1. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq

Ən diqqətçəkən fərqlərdən biri müdafiə sahəsindədir. Azərbaycanla imzalanmış sənəddə regional və qlobal təhlükəsizlik üzrə nazirlər səviyyəsində dialoq, müdafiə sənayesində əməkdaşlıq, müdafiə akademiyaları arasında əməkdaşlıq, mütəxəssis və tələbə mübadiləsi ayrıca göstərilir.

Ermənistanla imzalanmış Bəyannamədə isə bu istiqamətlər yer almır.

Bu fərq Almaniyanın Azərbaycanı təhlükəsizlik və müdafiə sahəsində daha perspektivli tərəfdaş kimi qiymətləndirdiyini, Azərbaycanın Vətən müharibəsində qazandığı döyüş təcrübəsini öyrənmək istədiyini  göstərir. Nəzərə alsaq ki, Almaniya bu il  “Avropa qarşısında məsuliyyət” adlı hərbi strategiya qəbul edib,  müdafiə siyasətində fundamental dəyişikliklər həyata keçirməyə başlayıb, hərbi büdcəsini108 milyard avroya qaldırıb, ordu da şəxsi heyətin sayını (ehtiyat qüvvə ilə birgə) 460 min nəfərə çatdırmağı və beləliklə, Avropanın ən böyük və ən güclü ordusunu qurmağı hədəfləyib, o zaman, Azərbaycanın da bu əməkdaşlıqdan ciddi fayda əldə edəcəyi şübhəsizdir.

  1. Elm, texnologiya və innovasiya

Azərbaycanla bağlı sənəddə rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, inkişaf etməkdə olan texnologiyalar, elm və innovasiya əməkdaşlığın ayrıca istiqaməti kimi müəyyən olunur.

Ermənistanla imzalanmış sənəddə isə bu mövzulara az da olsa toxunulsa da  ayrıca əməkdaşlıq sahəsi kimi nəzərdə tutulmur.

Bu isə Almaniyanın Azərbaycanın sənaye, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar sahəsində potensialına xüsusi önəm verdiyini göstərən mühüm göstəricilərdən biridir.

  1. Bəyannamələrin hüquqi-siyasi çəkisi

Ən mühüm fərqlərdən biri yekun müddəalarda özünü göstərir. Ermənistanla imzalanmış Bəyannamədə açıq şəkildə qeyd olunur ki, sənəd beynəlxalq müqavilə hesab edilmir, heç bir hüquqi öhdəlik yaratmır, tərəflər istənilən vaxt altı ay əvvəl xəbərdarlıq etməklə sənədə xitam verə bilərlər.

Azərbaycanla imzalanmış Bəyannamədə isə belə məhdudlaşdırıcı müddəalar yoxdur. Əksinə, sənəddə yalnız əməkdaşlığın resursların mövcudluğu və tərəflərin qanunvericiliyi çərçivəsində həyata keçiriləcəyi qeyd edilir. Bu fərq Azərbaycanla imzalanmış sənədin siyasi baxımdan daha yüksək etimad və uzunmüddətli strateji əməkdaşlıq niyyətini əks etdirdiyini göstərən mühüm göstəricilərdən biridir.

Btün bunlar bir daha onu təsdiq edir ki, iylun 21-də imzalnan sənəd Almaniyanın Cənubi Qafqaz siyasətində Prezident İlham Əliyevin liderliyində Azərbaycanın artan geosiyasi, geoiqtisadi və enerji əhəmiyyətini, eləcə də ikitərəfli münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətini əks etdirir.

Heş şübhə etmirəm ki, bu sənədin icrası uğurla təmin ediləcək və sonrakı mərhələdə Azərbaycanla Almaniya arasında Strateji Tərəfdaşlıq haqqında saziş imzalnacaq.

Bu fərqləri, eləcə də onların Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişafı baxımından əhəmiyyətini AZTV-nin “Hədəf” verilişində də şərh etdim.

 

 

Azay Quliyev

Milli Məclisin deputatı

Gununsesi.info