Bir çox ölkələr İsraillə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişi”nə qoşulmaq istəyir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində də məlumat verib.
Qeyd edək ki, Qazaxıstan “İbrahim sazişi”nə qoşulub.
Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, “İbrahim saziş”lərinə müsəlman ölkələrinin yaxın zamanda qoşulması ehtimalı azdır.
Onun sözlərinə görə, bu sazişlərin çərçivəsində bəzi dövlətlər İsraillə təhlükəsizlik və digər sahələrdə əlaqələr saxladıqlarını bildirirlər:
“Lakin regiondakı müsəlman ölkələrinin böyük əksəriyyəti İsraili tanımır. Bunun əsas səbəbi isə müsəlman ölkələri ilə İsrail arasında ciddi ziddiyyətə səbəb olan Fələstin məsələsinin — Qəzza zolağının vəziyyəti, Fələstinin ərazi bütövlüyü və Fələstin dövlətinin tanınması kimi məsələlərin hələ də həll olunmamasıdır. Bu səbəbdən müsəlman ölkələrinin İbrahim sazişlərinə qoşulması real görünmür.
İlk növbədə Qəzza zolağının taleyi, Fələstinin ərazi bütövlüyü və Fələstinin tanınması məsələləri öz həllini tapmalıdır. Əks halda, İbrahim sazişinə qoşulmağın nə mənası var? Belə bir şəraitdə bu sazişə qoşulmaq məntiqsiz sayılır”.
Siyasi şərhçi fikirlərini belə davam edib.
“Bundan başqa, Qəzza zolağına sabitləşdirici qüvvənin göndərilməsi məsələsi də gündəmdədir. Qəzzada Həmasın və digər qrupların tərkisilah edilməməsi, vəziyyətin hələ normallaşmaması səbəbindən İbrahim sazişlərinə region ölkələrinin və regiondan kənar müsəlman dövlətlərinin tezliklə qoşulması mümkünsüz görünür. Bu məsələ hələlik sadəcə təklif səviyyəsində qalır.
Donald Trampın prezidentliyinin birinci müddətində də ABŞ müsəlman ölkələri ilə birlikdə regionda hərbi blok yaratmağa cəhd etmişdi, lakin bu blok formalaşmadı. Çünki müsəlman ölkələrinin birləşməsi üçün əsas düyün nöqtəsi – Fələstin məsələsi hələ də həll olunmayıb.
Fələstin probleminin həlli həm regionda ABŞ-a olan etimad və nüfuzun artmasına, həm də İsraillə region və regiondan kənar müsəlman ölkələri arasında əməkdaşlığın güclənməsinə xidmət edə bilərdi. Bu olmadığı müddətdə, “İbrahim saziş”ləri kimi razılaşmalar imzalansa belə, onların əhəmiyyətli mahiyyəti olmayacaq”.
Şəbnəm










