“Uzun zamandır müşahidə edirəm. Bu zaman ərzində bəlkə minlərlə qadınla bu barədə söhbət etmişəm. Böyük əksəriyyəti həyat yoldaşlarından pulu güc-bəla ilə alır. İşləyən xanımlara ümumən çox az hallarda həyat yoldaşları pul verir”.
Gununsesi.info bildirir ki, bunu tanınmış telejurnalist İradə İsak deyib.
Onun sözlərinə görə, evdar xanımlar isə ya min bir bəhanəylə bazarlıqdan gizlətdiyi pullarla, ya yenə ata evlərindən, valideynlərindən aldıqları pullarla yaşayırlar:
“Evdə pul üstündə davası çıxmayan çox az qadın var. Ata-ananın ölümü bu qadınlar üçün ikiqat faciədir. Hələ də o pensiyanın bərəkəti dolandırır böyrünü yan qoyanların evini. Deyirlər ki, qadınlar pul almaq üçün boşanır. Əmin olun, o kişilər heç evli olanda da uşağa baxmayıblar. Əminəm, böyük bir yaranı eşələdim. Amma vəziyyət təəssüf ki, belədir! Kişilər anlasa ki, vermədikcə, aldıqca qadın enerjisinə girirlər, qadınlaşmağa başlayırlar. Kişi ötürəndir, qadın alandır. Qadına verildikcə bərəkət artacaq, çünki qadın portalıdır. Onun elə bir razılığı məsələni dəyişir, bərəkəti artırır. Kişi qadınından kəsdisə, ruzisi artan deyil. Bu, dəqiqdir!. Bir də mən anlamıram, qadın niyə “pul ver bazarlıq edim, uşağa nəsə alım” deməlidir ki? Məntiqi yeri-göyü dağıdanlar bunu özləri anlamır ki?”.
Günay Mahirqızı












