Milli kimlik bir xalqın tarixini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini özündə birləşdirən əsas anlayışlardan biridir. O, bir gündə formalaşmır, əsrlər boyu davam edən tarixi prosesin nəticəsi kimi yaranır. Tarix kollektiv yaddaşın və milli şüurun əsas dayaqlarından hesab olunur. Tarixi keçmişi, ortaq dili və ümumi dəyərləri olmayan cəmiyyətin vahid milli kimlik formalaşdırması mümkün deyil.
Millət və milli şüurun inkişafı XVIII əsrin sonlarından etibarən tarixdə daha aydın şəkildə öz təsdiqini tapsa da, Azərbaycan xalqının milli kimliyi bundan xeyli əvvəl formalaşmağa başlayıb. Təxminən 5 min illik dövlətçilik tariximiz göstərir ki, milli kimliyin əsasını üç mühüm amil təşkil edir: tarixi birgə yaşayış, ana dili və milli dəyərlər.
Azərbaycan xalqının milli kimliyinin möhkəmlənməsində orta əsr dövlətləri mühüm rol oynayıb. Həmin dövrdə ana dilinə və milli dəyərlərə verilən önəm, onların qorunması və nəsildən-nəslə ötürülməsi, eləcə də xalqın uzun müddət vahid dövlət tərkibində yaşaması milli kimliyin inkişafını sürətləndirib. Bu ənənələr sonrakı əsrlərdə də davam edib və XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövründə dövlətçilik ənənələrinin bərpasında öz əksini tapıb.
Qloballaşan dünyada milli kimliyin qorunması daha böyük əhəmiyyət kəsb edir. Bu, yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Ana dilinin, milli-mənəvi dəyərlərin, tarixi irsin və mədəniyyətin qorunması milli kimliyin gələcək nəsillərə ötürülməsinin əsas şərtlərindəndir.
Milli kimliyin mühüm göstəricilərindən biri də milli geyimdir. Milli geyim xalqın tarixini, həyat tərzini və mədəni xüsusiyyətlərini özündə əks etdirən dəyərdir. O, təkcə geyim deyil, həm də xalqın kimliyini ifadə edən mədəni irs nümunəsidir. Son illərdə milli geyimlərə maraq artsa da, onların gündəlik həyatda istifadəsi hələ də geniş yayılmayıb. Bununla belə, müxtəlif tədbirlər, bayramlar və mədəni layihələr milli geyimlərin tanıdılması və yaşadılması üçün yeni imkanlar yaradır. Bu baxımdan milli geyim mədəniyyətinin qorunması və təbliği milli kimliyin yaşadılmasının vacib istiqamətlərindən hesab olunur.
Qeyd edək ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği Prezident İlham Əliyevin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə milli geyim irsinin qorunması, vahid ölçülərin müəyyənləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə yeni milli geyim standartları hazırlanıb və bu iş yekunlaşmaq üzrədir.
Bəs milli kimlik necə formalaşır? Qloballaşma şəraitində onu qorumaq üçün hansı addımlar atılmalıdır? Milli dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsində cəmiyyətin və dövlətin üzərinə hansı vəzifələr düşür?
Gununsesi.info-ya danışan filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı qeyd edib ki, kökümüzdən, soyumuzdan gələn, kiçik bir cizgi olsa belə, onu geyimimizdə daşımalıyıq:

“Cənab Prezident bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirir. Geyim də mədəniyyətdir, dil də mədəniyyətdir, folklor isə çoxşaxəli mədəniyyətimizin ayrılmaz hissəsidir. İnsan haqqında ilk təəssürat çox vaxt onun geyiminə görə formalaşır və məncə, bu, təbiidir.
Məsələn, təmkinli, ağır və zəngin daxili aləmə malik insanın geyimi də bunu əks etdirməlidir. O, milli köklərinə söykənməli, milliliyindən çəkinməməlidir. Milli kökümüz nədirsə, geyimlərimiz də onu göstərməlidir. Yəni biz milli kimliyimizi geyimlərimizdə də yaşatmalıyıq.
Dünyaya kim olduğumuzu geyimimiz vasitəsilə də göstərə bilərik”.
Mahirə Nağıyeva bu gün ölkəmizdə xarici təsirlərin formalaşdırdığı geyim üslublarına da toxunub.
“Bu, zaman-zaman belə olub. Bunlar müxtəlif təsirlərin nəticəsidir. Mədəniyyətimizin bütün sahələrinə müəyyən təsirlər göstərilməyə çalışılıb. Lakin biz milli dəyərlərimizi qoruya-qoruya bu günə qədər gətirib çıxarmışıq.
İstər Avropa, istər ərəb, istərsə də fars geyim üslubları olsun, müəyyən boşluqlar yarananda onlar daha qabarıq şəkildə görünə bilir. Ancaq biz öz kökümüzdən qopmamışıq. Nə qədər ki, kökümüzə bağlıyıq, ona hörmət edirik və milli soyumuzu unutmuruq, heç bir xarici təsir bizə üstün gələ bilməz.
Milli soy-kökümüzü unutmadığımız müddətdə heç bir xalqın geyimi və ya dili bizim milli kimliyimizə üstünlük edə bilməz”-,deyə o fikirlərini yekunlaşdırıb.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva qeyd edib ki, milli kimliyimiz xalqımızın çoxəsrlik tarixini, ana dilini, folklorunu, mədəniyyətini, maddi-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini özündə cəmləşdirir:

“Ona görə də bu, çox mühüm bir anlayışdır. Milli kimliyimiz bizə mənsub olan ən qiymətli sərvətimizdir.
Bizi biz edən dəyərlərin hər biri həmin xəzinədə yer alır: Dədə-Qorqudumuz, Koroğlumuz, Nizamimiz, Füzulimiz, Xurşidbanu Natəvanımız, laylalarımız, bayatılarımız, atalar sözlərimiz, muğamımız, aşıq sənətimiz, xalçalarımız, kəlağayımız, plovumuz, İçərişəhərimiz, Şəki Xan Sarayımız… və daha neçə-neçə əvəzolunmaz incilərimiz…
Vətənimizin hər bir qarışında, hər bir addımda milli kimliyimizi əks etdirən nümunələri görmək mümkündür, onlara sahib çıxmalıyıq.
Bilirsiniz ki, bu gün dünya sürətlə qloballaşır. Xarici təsirlərin artdığı bir dövrdə yaşayırıq. Əlbəttə, dünyaya inteqrasiya etmək, inkişaf etmək, yeniliklərə açıq olmaq vacibdir.
Amma bütün bunlar özümüzə məxsus dəyərlərimizi yaşatmaqla, gələcək nəsillərə ötürməklə həyata keçirilməlidir. Yəni, müasir ola-ola eyni zamanda milli ruhumuzu qorumağı bacarmalıyıq.
Bütün bunlar, sözsüz ki, cənab Prezidentin rəhbərliyində dövlətimizin apardığı genişmiqyaslı siyasətin başlıca istiqamətlərindəndir”.
Deputat hesab edir ki, milli kimliyimizin qorunması eyni zamanda hər bir vətəndaşın, yəni, bizlərin hər birimizin gündəlik həyat tərzimizdən, davranışlarımızdan da bilavasitə asılıdır:
“Ana dilimizi düzgün istifadə etmək, tariximizi dərindən öyrənmək, mədəniyyətimizi sevmək, Vətənimizə bağlı olmaq, dövlət rəmzlərimizə, hörmətlə yanaşmaq milli kimliyimizin qorunmasına xidmət edir”.

Şəbnəm Rəhimova












