İran rəsmiləri bölgədə vəziyyət normallaşana qədər Hörmüz boğazından gəmi keçidinə icazə verilməyəcəyini və tranzitin tamamilə dayandırıldığını bəyan ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın Fars körfəzinə Nəzarət İdarəsi (PGSA) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.
İdarənin “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, ABŞ silahlı qüvvələrinin bölgədəki son qanunsuz hərəkətləri ilə əlaqədar hazırda Hörmüz boğazından keçid mümkün deyil.
Qeyd olunub ki, vəziyyət sabitləşdikdən və bölgədə sakitlik bərpa edildikdən sonra müraciətlər növbəlilik qaydasında nəzərdən keçiriləcək və müvafiq icazələr veriləcək.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə bəyan edib ki, Hörmüz boğazı ötən axşamdan bağlanıb və İran hakimiyyəti onun yenidən açılması barədə qərar qəbul edənədək keçid mümkün olmayacaq.
Açıqlamada həmçinin vurğulanıb ki, boğazdan keçməyə cəhd göstərən istənilən gəmi özünü təhlükə ilə üz-üzə qoymuş olacaq.










