Jurnalist toy mərasimlərindəki pul tələblərindən yazdı: “Pul, pul, pul…”

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 14:27

Jurnalist Coşqun Eldaroğlu toy mərasimlərində son dövrlər geniş yayılan pul istəmə hallarından narazılığını ifadə edib.

Gununsesi.info xəbər verir ki, o, yaxın qohumunun toyunda gəlin gətirməyə gedərkən qarşılaşdıqları vəziyyəti təsvir edib.

Jurnalistin sözlərinə görə, bəy evinə yaxınlaşarkən həyətin uşaq və yeniyetmələrlə dolu olduğunu görüblər.

“Valideynlər pəncərələrdən müvafiq göstərişlər verirdilər. Yəni “şirinlik” almaq üçün yolu necə bağlamaq, bəyin əyləşəcəyi maşını necə mühasirəyə almaq”, – deyə Eldaroğlu yazıb.

Jurnalist bildirib ki, yeniyetmələrdən bəziləri pul tələb etməkdə həddi aşırdılar:

“Onlardan birinə atamdan kobud şəkildə pul istədiyinə görə acıqlanmalı oldum. Mən deyim 50 uşaq, siz 100 qəbul eləyin. Pul istəməyə gələnlərin sayı-hesabı yoxdur”.

Eldaroğlunun sözlərinə görə, gəlinin evinə çatdıqda da oxşar mənzərə ilə qarşılaşıblar. Burada müxtəlif yaş qruplarından olan insanların pul istədiyini qeyd edən jurnalist bəzi yeniyetmələrin davranışından da narazılığını bildirib.

“Qızım yaşda yeniyetmə qızlar arsızlıq eləyir, maşınların pəncərəsindən sallanırdı. Şok vəziyyətində necə davranacağımızı bilmirdik”, – o yazıb.

Jurnalist toyda bəyin atasının da ətrafdakıların pul tələblərindən çətin vəziyyətdə qaldığını qeyd edib.

“Yazıq kişi onsuz da səxavətli davranmağa çalışırdı. Amma ətrafdakıların ürəyinə rəhm gəlmirdi. Amansızcasına hücum eləyirdilər”, – Eldaroğlu bildirib.

O, şadlıq sarayında da eyni vəziyyətlə qarşılaşdıqlarını yazıb.

İddiasına görə, xidmət sektorunda çalışan şəxslər müxtəlif məqamlar üçün birbaşa pul tələb edirdilər.

“Pul almamış tortu kəsməyə bıçaq vermirlər. Aş gətirən, meyvə gətirən, kokteyl gətirən, daha kimlər… Pul, pul, pul…” – jurnalist vurğulayıb.

Eldaroğlu toyun ortasında bəyin cibində pul qalmadığını səmimi şəkildə etiraf etdiyini də qeyd edib:

“Allah haqqı, cibimdə bir manat da qalmayıb…”

Jurnalist yazısını “Qız toyu arxada qaldı. Bizi irəlidə oğlan toyu gözləyir…” sözləri ilə yekunlaşdırıb.

Elmar

Gununsesi.info