“Azərbaycan–Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. Görünür Ceyhun Bayramovun Kiyevə, Viktor Yuşenkonun Bakıya olan səfərləri Moskvaya rahatlıq vermir.
Rusiya tərəfi Moskvada fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovu ölkədən çıxararaq Azərbaycana deportasiya edib. Bunun ardınca Azərbaycan üç Rusiya vətəndaşı — “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, polittexnoloq və media eksperti Semyon Uralov, həmçinin jurnalist və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində beynəlxalq axtarış elan edib”.
Gununsesi.info bildirir ki, bu fikirləri üquqşünas Aslan İsmayılov bildirib:
“Azərbaycan tərəfinin məlumatına görə, Semyon Uralovun YouTube kanalında iyulun 14-də və avqustun 13-də yayımlanan çıxışlarda ölkəmizin konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışlar, terror fəaliyyətinin təşviqi, eləcə də milli zəmində düşmənçiliyin qızışdırılması əlamətləri müəyyən edilib. Bununla əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri üzrə cinayət işi aparılır. Məhkəmə hər üç şəxs haqqında qiyabi həbs qərarı çıxarıb.
İctimaiyyətə yayılan fraqmentlərdə məsələ yalnız sərt siyasi ritorika ilə məhdudlaşmır. Həmin çıxışlarda Azərbaycana qarşı mümkün hərbi müdaxilə ssenariləri, Xəzər istiqamətindən hərbi təzyiq göstərilməsi və hətta ölkə rəhbərliyinə qarşı fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı fikirlər səsləndirilir.
Yeri gəlmişkən, baş verən hay-küydən sonra Çadayev dünən axşam teleqram kanalında Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verdiyini yazıb. Elə bu hadisənin özü Rusiya hakimiyyətində fərqli qolların olmasından xəbər verir.
Baş verənlər diplomatik müstəviyə də keçib. Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona rəsmi Bakının mövqeyi çatdırılıb. Azərbaycan tərəfi son dövrlərdə Rusiyanın media və informasiya məkanında ölkəmizə, xalqımıza və dövlət rəhbərliyinə qarşı artan təhqir, təhdid və təxribat xarakterli ritorikanın qəbuledilməz olduğunu bildirib və bununla bağlı ciddi etirazını ifadə edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Azərbaycan Baş Prokurorluğu tərəfindən axtarışa verilən rusiyalı jurnalistlərin bəyanatları ilə bağlı rəsmi reaksiya verib. Zaxarova həmin şəxslərin çıxışlarının Rusiyanın Bakıya qarşı rəsmi mövqeyini əks etdirmədiyini bildirib. O, qeyd edib ki, sözügedən şəxslərin rəylərinin Moskvanın dövlət xətti ilə heç bir əlaqəsi yoxdur”.
Aslan İsmayılov hesab edir ki, bütün bunlar Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginliyin artıq ayrı-ayrı şəxslərin açıqlamalarından daha geniş məna daşıdığını göstərir:
“Regionda geosiyasi reallıqlar dəyişir, yeni güc balansı formalaşır və Azərbaycan öz milli maraqlarına əsaslanan daha müstəqil siyasət yürüdür. Lakin görünən odur ki, Rusiyanın öz qonşularına münasibətdə imperiya təfəkküründən qaynaqlanan yanaşmaları hələ də tam dəyişməyib.
Azərbaycan da bundan sonrakı siyasətində bu reallığı nəzərdən qaçırmamalıdır. Moskva ilə münasibətlər qarşılıqlı maraqlar və normal qonşuluq prinsipləri əsasında davam etdirilə bilər, amma ölkənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə yönələn istənilən təhdidə münasibətdə mövqe birmənalı olmalıdır. Geosiyasi şərait nə qədər dəyişsə də, Rusiyanın imperiya reflekslərinin hələ də mövcud olduğunu nəzərə almalı və atdığımız hər addımda milli maraqlarımızı əsas götürməliyik”.
Şəbnəm












