Yorulmağa belə utanırıq - Firuzə Mahmudova yazır…

  • Müəllif: Orxan
  • 20 Avqust 2026 13:10

İnsanları müşahidə etməyi sevirəm.

Avtobusda, kafedə, restoranda, bəzən də sadəcə küçədə oturub ətrafımdakı insanlara baxmaq mənim üçün maraqlıdır.

Kiminsə danışığı, kiminsə susmağı, bir başqasının telefona baxışı, üzündəki ifadə…

Bəzən heç tanımadığınız bir insanın kiçik bir hərəkəti sizi uzun müddət düşündürə bilir.

Bir neçə gün əvvəl avtobusda yol gedirdim. Qarşımda zəhmətkeş, yorğun bir qadın oturmuşdu. Daha dəqiq, avtobusda yuxuya getmişdi.

Görünür, o qədər yorğun idi ki, bilmədən yanında oturan başqa bir sərnişinə söykənmişdi. Bir müddət sonra ayıldı. Vəziyyəti anlayanda utandı və gülümsədi. Sanki böyük bir səhv etmişdi. Sanki bir anlıq yuxuya getmək, yorğunluqdan özünü saxlaya bilməmək ayıb bir şey idi.

Söhbət etdik. Məlum oldu ki, o, rayondan gəlmiş tarix müəllimidir. İmtahan verib və keçib. Qarşıda müsahibəsi vardı.

Amma mən həmin an onun yalnız imtahan üçün Bakıya gələn bir müəllim olmadığını düşündüm.

Mənə elə gəldi ki, bu qadın rayon məktəbindəki işinin, ailəsinin, evinin, övladlarının, gündəlik qayğılarının ağırlığını da özü ilə gətirib bu avtobusa oturmuşdu.

Rayonda qoyub gəldiyi bir ailə, bir ev, bir həyat…

Və şəhərə gətirdiyi ağır bir yük.

Bəlkə də, bütün bunlar onun çiyinlərində görünməz bir ağırlığa çevrilmişdi. O isə həmin yükün altında, heç özü də bilmədən, avtobusda yuxuya getmişdi.

Məni ən çox onun yuxuya getməsi yox, oyandıqdan sonra utanması düşündürdü.

Axı insanın yorulması nə vaxtdan ayıb olub?

Yanımda oturan başqa bir qadın da söhbətə qoşuldu.

“Mən də aşpazam, bala. Günün on iki saatı ayaq üstə işləyirəm”, – dedi.

Bir anda qarşımda iki fərqli həyat vardı. Biri rayondan Bakıya gələn tarix müəllimi, digəri gününü mətbəxdə keçirən aşpaz qadın.

Amma ikisinin də ortaq bir sözü vardı:-yorğunluq.

Avtobusdan düşəndə düşündüm ki, bəlkə həmin gün mən sadəcə iki yorğun insan görməmişdim?

Bəlkə biz ümumiyyətlə çox yorulmuşuq?

Son vaxtlar tez-tez deyirik: “Hamı aqressivləşib”.

Avtobusda biri sürücüyə əsəbiləşir, marketdə insanlar növbəyə görə mübahisə edir, küçədə bir-birimizə qarşı səbirsiz davranırıq. Günün bütün gərginliyini isə bəzən ən yaxınlarımıza ötürürük.

Biz buna aqressiya deyirik.

Amma bəlkə də, sualı başqa cür verməliyik:

“Bəlkə insanlar aqressiv deyil, sadəcə çox yorulublar?”

İnsanlar çörək pulunun arxasınca qaçırlar. Daha çox qazanmaq, evini dolandırmaq, övladının ehtiyacını qarşılamaq, ailəsinə yaxşı həyat yaratmaq istəyirlər.

Amma qəribəsi budur ki, insan ailəsinə yaxşı həyat vermək üçün o qədər çox çalışır ki, bəzən həmin həyatın özünü yaşamağa vaxtı qalmır.

Uşağının istədiyini almaq üçün işləyir, amma onunla oturub söhbət etməyə vaxt tapmır. Evə pul aparır, amma evə çatanda danışmağa belə halı qalmır.

Sabahın daha yaxşı olması üçün bu günümüzü yoruruq.

Bəlkə də, ən böyük paradoksumuz budur.

Mən avtobusda həmin müəllimin bir sərnişinin çiyninə söykənib yatmasını uzun müddət unutmadım.

Çünki o, sadəcə yuxuya getməmişdi.

Mənə elə gəldi ki, həmin qadın bir neçə dəqiqəlik bütün həyatın ağırlığını çiynlərindən yerə qoymuşdu.

Bəlkə də, bizə aqressiv görünən insanların bir hissəsi sadəcə çox yorulub.

Bəlkə avtobusda qarşımızda əsəbi görünən adam səhərdən heç nə yeməyib. Bəlkə marketdə səbirsiz görünən qadın bütün gün ayaq üstə işləyib. Bəlkə bizə soyuq davranan insan gecədən səhərə qədər xəstə övladının yanında olub.

Biz bunları bilmirik.

Çünki insanların üzündə yalnız gördüyümüz qədərini oxuyuruq. Halbuki hər insanın içində bizim bilmədiyimiz bir hekayə var.

Ona görə də, bəlkə növbəti dəfə kimsə bizə əsəbi cavab verəndə dərhal mühakimə etməyək?

Bəlkə, sadəcə, yorulub?

Bəlkə hamımız bir az yorulmuşuq?

Və ən qəribəsi də budur ki, yorulmağa belə utanırıq.

Firuzə Mahmudova

Gununsesi.info