Britaniya Azərbaycanı regional mərkəz kimi görür

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 11:46

“BP bazara daxil olandan bəri otuz ildir ki, enerji Azərbaycanla olan münasibətlərimizin əsasını təşkil edir – biz bu mirasla fəxr edirik. Birləşmiş Krallığın təmiz enerji sektoruna investisiya qoyması və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik”.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, enerjidən başqa, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir: “Biz Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar – data üzrə təbii bir mərkəz kimi görürük”.

Dankan Norman deyib ki, təhsil münasibətlərin ən güclü sütunlarından biridir: “Bu il də Birləşmiş Krallıq Azərbaycanın dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gəncləri üçün ən çox üstünlük verilən ölkə olmağa davam etdi: tələbələrin 61%-i Britaniya universitetlərində təhsil almağı seçməklə dünya standartlarında təhsilimizdən faydalandı.

Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” Proqramı bu əlaqələri daha da gücləndirir və hazırda Proqrama müraciət etmək mümkündür. Biz müsbət dəyişiklikləri həyata keçirmək iddiası olan istedadlı Azərbaycan vətəndaşlarını müraciət etməyə təşviq edirik. Yeni təhsil və elm tərəfdaşlıqlarını inkişaf etdirməklə, süni intellekt və rəqəmsal transformasiyaya investisiya qoymaqla, eləcə də hər iki ölkədə gələcək üçün bacarıqlar və iş yerləri yaratmaqla bu əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Bərabərlik və inklüzivlik davamlı artım üçün həyati önəm kəsb edir, buna görə də hökumət və yerli tərəfdaşlarla birlikdə qadınların iqtisadi baxımdan səlahiyyətləndirilməsini dəstəkləməyə davam edirik”.

Gununsesi.info