Hörmüz boğazındakı vəziyyət İranın milli təhlükəsizliyi məsələsinə çevrilib, boğazdan giriş-çıxış marşrutlarında əsaslı dəyişikliklərin edilməsi zəruridir.
Gununsesi.info xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
Onun sözlərinə görə, ölkəsi müharibə vəziyyətindədir:
“Son 58 il ərzində gəmilərin Oman ərazi sularından keçməsi İrana ciddi ziyan vurub. Yeni müvəqqəti razılaşmaya əsasən, Fars körfəzinə giriş dəhlizi İranın, çıxış dəhlizi isə Omanın ərazi sularından keçəcək. Gəmilər hər iki istiqamətdə İran sularından keçməli olacaq”.
Qəribabadi dəhlizin ümumi eni təxminən 7 mil olan ikitərəfli magistral yol kimi fəaliyyət göstərəcəyini bildirib:
“Marşrut müvəqqətidir və İranla Oman əvvəlki dənizçilik sazişini əvəz edəcək yeni daimi marşrutla bağlı 30-60 gün ərzində razılığa gəlməlidir. Razılaşmaya əsasən, hərbi gəmilərin boğazdan keçidinə icazə verilməyəcək. Tranzit yalnız kommersiya gəmiləri üçün mümkün olacaq”.
O, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının minalardan təmizləndiyi barədə iddiasını da təkzib edib. Bildirib ki, su yolunda minaların yerləşdiyi əraziləri İrandan başqa heç kim bilmir.
“Əgər bu iddia doğrudursa, niyə boğazdan bir dənə də gəmi keçmir?” – deyə Qəribabadi bildirib.
ABŞ-lə mümkün danışıqlara da toxunan nazir müavini vəziyyətin dəyişdiyini və gələcək danışıqların əvvəlki kimi olmayacağını deyib.
“Niyə özümüzü müdafiə etməzdən əvvəl həmişə Amerikanın bizə hücum etməsini gözləməliyik? Əgər uyğun şərtləri görmürüksə, niyə Amerikanın maraqlarına qarşı tədbir görmürük? Bu, artıq İslam Respublikasının siyasəti çərçivəsindədir”, – deyə o qeyd edib.
Pakistan ordusunun rəhbərinin bu həftə Tehrana səfərinə münasibət bildirən Qəribabadi İranın ABŞ-yə etibar etmədiyini vurğulayıb.
“Biz ona Amerikaya etibar etmədiyimizi dedik. İran İslamabadla anlaşma memorandumunu pozmayıb. Amerika öz öhdəliklərini yerinə yetirmədiyini sübut edib. Əgər amerikalılar Hörmüz boğazında heç bir şeyin baş verməsini istəmirlərsə və boğazın açılması üçün tədbirlər görməyi arzulayırlarsa, İranın razılaşmada əksini tapmış şərtlərinə əməl etməlidirlər”, – deyə Qəribabadi bildirib.












