“Sea Breeze” Mərkəzi Asiyada - Azərbaycan brendi yeni ölkələr fəth edir

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 12:00

Prezident İlham Əliyevin Qırğızıstana növbəti səfəri Bakı-Bişkek münasibətlərinin sürətlə genişləndiyi dövrə təsadüf edir. Azərbaycan Prezidenti sentyabrın 1-də Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclasında və “ŞƏT+” sammitində iştirak edəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də həmin toplantıya qatılması gözlənilir.

Ancaq səfərin fonunda formalaşan mənzərə yalnız siyasi gündəliklə məhdudlaşmır. Son bir ildə Azərbaycan-Qırğızıstan münasibətlərinin iqtisadi dayaqları da nəzərəçarpacaq dərəcədə möhkəmlənib. İyulda iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması qərara alınıb, İssık-Kul sahilində Azərbaycan tərəfindən tikilmiş “Baku Resort & Spa” istifadəyə verilib.

İndi bu iqtisadi mənzərəyə daha bir istiqamət əlavə olunur. Azərbaycanda formalaşmış “Sea Breeze” modeli Qırğızıstanda da müzakirə predmetinə çevrilib.

Məsələnin diqqətçəkən tərəfi Azərbaycan kapitalının Mərkəzi Asiyaya çıxması deyil. Bu proses artıq yeni deyil. Fərqli olan odur ki, kapitalın ardınca Azərbaycanda yaranmış kommersiya adları, şəhərsalma yanaşmaları və biznes modelləri də xarici bazara daşınmağa başlayır. “Sea Breeze” bu dəyişikliyin ən aydın nümunələrindən biridir.

İssık-Kuldan başlayan xətt

“Agalarov Development”in rəhbəri və “See Breeze” konspektinin yaradıcısı Emin Ağalarovun Qırğızıstana səfəri və Prezident Sadır Japarovla görüşündən sonra İssık-Kul gölü ətrafında görüləcək ortaq biznes layihəsi xüsusi diqqət çəkdi.

İssık-Kul Qırğızıstanın əsas turizm mərkəzlərindən biridir. “Sea Breeze” isə Azərbaycanda klassik kurort və ya hotel modelindən daha geniş konsepsiya üzərində qurulub: yaşayış, hotellər, restoranlar, istirahət və əyləncə obyektləri, xidmət infrastrukturu və ictimai məkanlar vahid ərazidə birləşdirilir. Bu baxımdan İssık-Kulda “Sea Breeze” modelinin gündəmə gəlməsi ayrıca hotel tikintisindən daha böyük planın mümkünlüyünü göstərirdi.

İlk mərhələdə ortada yekun investisiya qərarı yox idi. Daha çox bazarın, ərazinin və layihənin uyğunluğunun öyrənilməsi gedirdi. Ancaq sonrakı təmaslar Qırğızıstan istiqamətinin təsadüfi maraq olmadığını göstərdi.

Bakıdakı modelə Bişkekdən baxış

2025-ci ilin iyulunda prosesin istiqaməti dəyişdi. Bu dəfə Qırğızıstan tərəfi Azərbaycandakı modeli yerində görmək üçün Bakıya gəldi. Qırğızıstan Prezidentinin İşlər İdarəsinin rəhbəri Kanibek Tumanbayev “Sea Breeze” kompleksi ilə tanış oldu. Emin Ağalarov ona Xəzər sahilində yaradılan yaşayış və istirahət məkanlarını, villaları və layihənin ümumi infrastruktur modelini təqdim etdi.

Bu, danışıqların ardıcıllığı baxımından mühüm mərhələ idi. Əvvəl Emin Ağalarov Qırğızıstana gedərək mümkün bazarı yerində qiymətləndirdi, ardınca Qırğızıstan rəsmisi Bakıya gələrək təklif olunan modelin necə işlədiyini gördü. Beləliklə, ilkin maraq qarşılıqlı tanışlıq və layihənin praktik imkanlarının qiymətləndirilməsi mərhələsinə keçdi.

2026-cı ilin avqustunda isə Qırğızıstan istiqamətində ikinci xətt ortaya çıxdı. Avqustun 27-də Emin Ağalarovla qırğızıstanlı sahibkar Beknazar Asanov arasında Bakıda Bişkekdə iri daşınmaz əmlak və tikinti şirkəti layihəsinin yaradılması imkanları müzakirə edildi. Söhbət yaşayış, kommersiya və sosial infrastrukturu, hotelləri və ictimai məkanları birləşdirəcək böyük çoxfunksiyalı rayondan gedir.

Ancaq ümumi mənzərə dəyişmir: “Agalarov Development”in Qırğızıstan bazarına marağı bir layihə və ya bir səfərlə yekunlaşmayıb. İssık-Kuldan başlayan xətt artıq Bişkekə qədər genişlənir.

Azərbaycan Qırğızıstanın turizm bazarında artıq görünür

“Sea Breeze” ətrafında danışıqlar aparıldığı vaxt Qırğızıstan Azərbaycan üçün tamamilə yeni investisiya məkanı deyil. İyulun 31-də İssık-Kulun Kara-Oy kəndində beşulduzlu “Baku Resort & Spa” istifadəyə verilib. Azərbaycan hökuməti ilə Qırğızıstan Nazirlər Kabineti arasında 2023-cü ildə imzalanmış investisiya sazişi əsasında tikilən kompleks 111 otaq və 10 kottecdən ibarətdir, eyni vaxtda 330 qonaq qəbul edə bilir.

“Baku Resort & Spa” ilə “Sea Breeze”i eyni iqtisadi model kimi təqdim etmək olmaz. Birincisi dövlətlərarası investisiya layihəsidir, ikincisi isə özəl tikinti və daşınmaz əmlak şirkəti brendidir.

Amma Qırğızıstanda Azərbaycanın iqtisadi mövcudluğu baxımından bu iki istiqamət bir-birini tamamlayır. İssık-Kulda artıq Azərbaycan kapitalı ilə yaradılmış real turizm aktivi fəaliyyət göstərir. Üstəlik, obyektin adında “Baku” sözünün saxlanılması Azərbaycanın mənşəyini görünən edir. Yəni ölkənin iştirakı yalnız investorun kimliyində qalmır, birbaşa turizm məhsulunun adına çevrilir.

“Sea Breeze”in Qırğızıstana çıxması isə fərqli mərhələ olardı. Bu halda xarici bazara Azərbaycanın coğrafi adı ilə yanaşı, Azərbaycanda yaradılmış özəl kommersiya brendi və onun arxasındakı biznes modeli daşınmış olardı.

Özbəkistan artıq sınaq meydanı deyil, hazır nümunədir

Qırğızıstanda müzakirə olunan modelin hansı istiqamətdə inkişaf edə biləcəyini qonşu Özbəkistan nümunəsi daha aydın göstərir. Burada “Sea Breeze” artıq niyyət və danışıqlar mərhələsini geridə qoyaraq konkret investisiya layihəsinə çevrilib. Daşkənd vilayətinin Bostanlık rayonunda həyata keçirilən “Sea Breeze Uzbekistan” layihəsinin ümumi dəyəri 5 milyard dollar, ərazisi 577 hektardır. İlk mərhələdə 100 hektarı əhatə etməsi planlaşdırılıb.

Master-plan klassik kurort tikintisindən xeyli genişdir. Burada hotellər və çimərliklərlə yanaşı yaşayış evləri, kotteclər, restoranlar, bulvar, istirahət zonaları, təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturu yaradılacaq. Məqsəd mövsümi turist qəbul edən obyekt yox, ilboyu yaşamaq, işləmək və istirahət etmək mümkün olan böyük yaşayış-turizm məkanı formalaşdırmaqdır.

Avqustun 23-də İlham Əliyev və Şavkat Mirziyoyev “Sea Breeze Uzbekistan”ın təməlqoyma mərasimində iştirak ediblər. Tikinti işlərinin də artıq başlanması Özbəkistan layihəsini Qırğızıstanla bağlı müzakirələrdən əsaslı şəkildə fərqləndirir.

Özbəkistanda artıq investisiya həcmi, ərazi, hüquqi çərçivə, master-plan və icra müddəti müəyyənləşib.

Qırğızıstanda isə proses hələ mümkün layihələrin müzakirəsi mərhələsindədir. Amma məhz Özbəkistan təcrübəsi Qırğızıstan xəttinə başqa məna verir. Əgər danışıqlar orada da konkret investisiyaya çevrilərsə, “Sea Breeze” artıq bir xarici layihəsi olan Azərbaycan brendi deyil, Mərkəzi Asiyanın bir neçə bazarında fəaliyyət göstərən regional daşınmaz əmlak layihələrinə çevriləcək.

Kapital ixracından brend ixracına

“Sea Breeze Uzbekistan” haqqında danışarkən ilk diqqəti çəkən rəqəm 5 milyard dollardır. Lakin Azərbaycan iqtisadiyyatı baxımından layihənin daha maraqlı tərəfi yalnız sərmayənin böyüklüyü deyil. Şirkət xarici ölkədə milyardlarla dollar sərmayə yatırıb tamamilə başqa ad altında layihə qura bilər. Bu halda xaricə çıxan əsasən kapital və sahibkarlıq fəaliyyəti olur.

“Sea Breeze” nümunəsində isə kapitalın ardınca brend də gedir. Bakıda formalaşmış ad, konsepsiya və layihələndirmə yanaşması yeni bazarda da saxlanılır. Hətta Azərbaycandakı “Lighthouse”, “White Villas” və “White Residences” kimi ayrı-ayrı layihə elementlərinin Özbəkistanda təkrarlanması nəzərdə tutulur.

Brend ixracının əsas fərqi də budur. Şirkət hər yeni ölkədə sıfırdan yeni kommersiya kimliyi yaratmır. Azərbaycanda formalaşdırdığı adı, reputasiyanı və məhsul konsepsiyasını başqa bazarda iqtisadi dəyərə çevirməyə çalışır. Bu, Azərbaycan özəl kapitalının xaricə çıxışında keyfiyyətcə başqa mərhələdir.

Ölkədən yalnız pul və investor getmir. Yerli bazarda yaradılmış biznes məhsulu da xaricdə satılmağa başlayır.

Bakı, Daşkənd və Bişkek arasında yeni iqtisadi xətt

Azərbaycan, Qırğızıstan və Özbəkistan arasında rəsmi üçtərəfli “Sea Breeze” mexanizmi yoxdur. Ayrı-ayrı kommersiya layihələrini siyasi birlik kimi təqdim etmək də düzgün olmaz.

Ancaq son dövrün iqtisadi coğrafiyası üç ölkəni eyni xətt üzərində göstərir. Azərbaycan başlanğıc nöqtəsidir. “Sea Breeze” burada yaranıb və öz biznes modelini burada formalaşdırıb. Özbəkistan brendin Mərkəzi Asiyada ilk böyük bazarıdır. Burada 5 milyard dollarlıq layihə artıq icra mərhələsindədir.

Qırğızıstan isə növbəti potensial istiqamət kimi görünür. İssık-Kulda “Sea Breeze” ideyası səsləndirilib, Qırğızıstan tərəfi Bakıdakı modeli yerində öyrənib, Azərbaycan developeri isə bu ölkədə yeni iri layihələr üzrə danışıqları davam etdirir. Bütün bunlar siyasi münasibətlərin də intensivləşdiyi dövrə təsadüf edir.

İyulun 31-də “Baku Resort & Spa”nın açılışında İlham Əliyev və Sadır Japarovla yanaşı Şavkat Mirziyoyev də iştirak edib. Avqustun 23-də İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə “Sea Breeze Uzbekistan” da daxil olmaqla Azərbaycan layihələrinin təməlqoyma və açılış mərasimlərinə qatılıblar. Sentyabrın 1-də isə Azərbaycan, Qırğızıstan və Özbəkistan liderləri Bişkekdə yenidən eyni çoxtərəfli platformada bir araya gələcəklər.

Bununla belə, dövlətlərarası münasibətlərin dərinləşməsi ilə Azərbaycan biznesinin Mərkəzi Asiyada fəaliyyət coğrafiyasının genişlənməsinin paralel getməsi diqqətəlayiqdir. Xüsusilə Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi və birgə İnkişaf Fondunun kapitalının 200 milyon dollara çatdırılması iqtisadi əlaqələr üçün daha geniş institusional zəmin yaradır.

Mərkəzi Asiyada Azərbaycan biznesinin yeni coğrafiyası

İndi əsas sual Qırğızıstandakı marağın hansı formada kommersiya layihəsinə çevriləcəyidir.

2025-ci ildə İssık-Kulda “kiçik Sea Breeze” ideyası meydana çıxıb. 2026-cı ildə isə Bişkekdə iri çoxfunksiyalı rayon layihəsi müzakirəyə çıxarılıb.

Özbəkistan nümunəsi isə göstərir ki, ilkin maraq və siyasi-iqtisadi təmaslar qısa müddətdə böyük investisiya layihəsinə çevrilə bilər. “Sea Breeze Uzbekistan” artıq ideyadan hökumət qərarına, torpaq sahəsindən master-plana, oradan da tikinti mərhələsinə keçib.

Qırğızıstanda da oxşar proses baş verərsə, bunun Azərbaycan üçün mənası ayrıca hotelin, yaşayış kompleksinin və ya turizm obyektinin tikilməsindən daha böyük olacaq. Belə olan halda “Sea Breeze” Bakıda yaradılmış lokal layihə çərçivəsindən çıxaraq Azərbaycan mənşəli regional kommersiya brendinə çevriləcək. Özbəkistanın ardınca Qırğızıstan bazarına da daxil olmaq Mərkəzi Asiyada Azərbaycan biznesinin yeni coğrafiyasını formalaşdıra bilər.

Əsas dəyişiklik də elə məhz buradadır: Azərbaycan kapitalının regiona çıxışında artıq yalnız sərmayə hərəkət etmir. Onunla birlikdə Azərbaycanda yaradılmış ad, konsepsiya və biznes modeli də sərhədi keçir. “Sea Breeze”in Mərkəzi Asiya xəttini əhəmiyyətli edən məqam da məhz budur. (Modern.az)

Gununsesi.info