Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili keçmiş silahdaşı, Vahid Milli Hərəkat Partiyasının sabiq sədri Nika Melianın həbsxanada onun ünvanına nalayiq ifadələr işlətdiyini deyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb. Saakaşvili bildirib ki, Melia hər dəfə dəhlizdən keçərkən onun ünvavına yüksək səslə söyüşlər səsləndirir.
Sabiq prezident bildirib ki, Melianın bu davranışının məqsədini anlamır. Saakaşvilinin sözlərinə görə, keçmiş silahdaşı söyüşlərdən başqa heç nə demir və onun davranışı həbsxana əməkdaşlarını da qıcıqlandırır.
Nika Melia 2025-ci ilin mayından Rustavi həbsxanasında saxlanılır. Son bir il ərzində o, hakimə hörmətsizlik və təhqir, eləcə də “Vahid Milli Hərəkat”ın hakimiyyəti dövründə mümkün cinayətləri araşdıran parlament komissiyası ilə əməkdaşlıqdan imtina ilə bağlı üç cinayət işi üzrə təqsirli bilinib. Cəzaların birləşdirilməsi prinsipi nəzərə alınaraq onun 2026-cı ilin sonlarında azadlığa çıxacağı gözlənilir.
Mixail Saakaşvili isə vəzifə səlahiyyətlərini aşma, dövlət vəsaitlərini mənimsəmə və sərhədi qanunsuz keçmə ilə bağlı cinayət işləri üzrə cəza çəkir. Onun ümumi həbs müddəti 2034-cü ilə qədər müəyyən edilib.
Qeyd edək ki, Nika Melia 2020-2023-cü illərdə Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasına rəhbərlik edib. Lakin sabiq prezident və onun tərəfdarları ilə yaranan fikir ayrılıqlarından sonra partiyanı tərk edib. Daha sonra Nika Qvaramiya ilə birlikdə “Axali” partiyasını yaradıb.











