Deputat: Tikinti işlərinin gecə saatlarında aparılması sakinlərin istirahət hüququnu pozur

  • Müəllif: Orxan
  • 22 Sentyabr 2026 11:50

Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması sakinlərin gündəlik həyatına ciddi narahatlıq yaradır.

Xüsusilə tikinti işlərinin gecə saatlarında və istirahət günlərində həyata keçirilməsi yuxu və istirahət hüququnun pozulmasına səbəb olur.

Gununsesi.info-nun xəbərinə görə, deputat Naqif Həmzeyev bu məsələyə diqqət çəkərək bildirib ki, bir sıra tikinti şirkətləri, xüsusilə beton tökmə, örtük işləri və yükdaşıma kimi əməliyyatları gecə saatlarında – 22:00-dan 06:00-dək, eləcə də bazar və bayram günlərində həyata keçirirlər.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri gündüz saatlarında tikinti işlərinin şəhər nəqliyyatı ilə üst-üstə düşməsi, digər səbəb isə işçi qüvvəsindən 24 saatlıq rejimdə istifadənin şirkətlər üçün daha sərfəli olmasıdır.

Naqif Həmzeyev qeyd edib ki, tikinti şirkətlərinin bu cür fəaliyyətinin nəticəsində ətraf ərazilərdə yaşayan sakinlər səs-küy və digər narahatlıqlarla üzləşir, onların normal yuxu və istirahət imkanları məhdudlaşır.

Deputat şəhərlərdə tikinti-quraşdırma işlərinin aparılmasına nəzarətin gücləndirilməsinin və sakinlərin istirahət hüququnun nəzərə alınmasının vacibliyini vurğulayıb.

Elmar

Gununsesi.info