Azərbaycanda bir neçə qarın boşluğu orqanının eyni əməliyyat zamanı köçürülməsini nəzərdə tutan multivisseral transplantasiyanın tətbiqi üçün hüquqi və institusional baza formalaşdırılıb.
Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib.
Qeyd olunub ki, mövcud qanunvericilik mədə, mədəaltı vəzi və bağırsaqlar da daxil olmaqla bir sıra orqanların meyit donordan transplantasiya məqsədilə götürülməsinə imkan verir.
Hazırda Azərbaycanda böyrək, qaraciyər və ürək transplantasiyası, həmçinin buynuz qişa və sümük iliyi transplantasiyası həyata keçirilir.
Mərkəzin məlumatına görə, 2027-ci ildən etibarən ağciyər və ürək-ağciyər kompleksi transplantasiyalarının həyata keçirilməsi planlaşdırılır.
Multivisseral transplantasiyanın isə daha mürəkkəb və yüksək ixtisaslaşma tələb edən tibbi proqram olduğu vurğulanıb. Bildirilib ki, belə əməliyyatların tətbiqi üçün müvafiq tibbi infrastrukturun, ixtisaslaşmış mütəxəssis komandasının və kifayət qədər donor imkanlarının olması vacibdir.
Mərkəz qeyd edib ki, 2021-ci ildə təsdiq edilmiş ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısında bəzi tibb müəssisələrinə mədəaltı vəzi və nazik bağırsağın bir hissəsi üzrə transplantasiya həyata keçirmək imkanının verilməsi bu istiqamətdə yeni imkanların yaradıldığını göstərir.
Qeyd edək ki, yaxın illərdə səhiyyənin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi çərçivəsində mürəkkəb transplantasiya proqramlarının Azərbaycanda tətbiqi üçün imkanların genişləndirilməsi nəzərdə tutulur.
Vüsal Artyom












