Ermənistan Konstitusiya Məhkəməsi Paşinyanı qoruyur

  • Müəllif: Orxan
  • 10 Oktyabr 2026 09:23

Ermənistanın Konstitusiya Məhkəməsi hökumətin Erməni Apostol Kilsəsi ilə bağlı planlarına dair müxalifətin müraciətini araşdırmaqdan imtina edib.

Gununsesi.info xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri, müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının üzvü Aram Vardevanyan bu qərarı tənqid edib.

O, “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsi hökumət proqramının hüquqi əhəmiyyətini azaltmaqla həssas məsələyə baxmaqdan yayınıb.

Vardevanyanın sözlərinə görə, məhkəmə kilsə ilə bağlı müddəaların hüquqi deyil, siyasi müzakirə və məsuliyyət predmeti olduğunu əsas gətirib.

“Konstitusiya Məhkəməsi bununla göstərir ki, müəyyən kəskin vəziyyətlərdə məsələyə hüquqi qiymət vermək əvəzinə, ona baxmaqdan yayınmağa üstünlük verir”, – deyə o vurğulayıb.

Müxalifət nümayəndəsi qeyd edib ki, Ermənistan tarixində indiyədək hökumət proqramında Konstitusiyaya zidd yanaşmaların yer alması ilə bağlı belə vəziyyət yaranmayıb.

Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi “Ermənistan” və “Güclü Ermənistan” parlament fraksiyalarının hökumət proqramının bəzi müddəalarının konstitusiyaya uyğunluğunun yoxlanılması barədə müraciətini icraata qəbul etməyib.

Mübahisəbin səbəbi bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması, Erməni Apostol Kilsəsinin yeni nizamnaməsinin qəbul edilməsi və yeni katolikosun seçilməsi ilə bağlıdır.

Gununsesi.info