“İnsan hüquq və azadlıqlarının qorunması hüquqi dövlətin əsas prinsiplərindən olmaqla yanaşı, Azərbaycanın beynəlxalq öhdəliklərinin də mühüm tərkib hissəsidir. Ona görə də hökumət buna dair çağırışlara loyal yanaşmalıdır”.

Bunu Gununsesi.info-ya müsahibəsində “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin direktoru Fikrət Cəfərli son zamanlar bir sıra qurumların, xüsusilə Avropa Parlamentinin insan haqlarına dair çağırışlarını şərh edərkən deyib.
Hüquq müdafiəçisi bildirir ki, son dövrlərdə Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin və ictimai-siyasi fəalların həbsi, ədalətli məhkəmə hüququ, eləcə də həbs yerlərində işgəncə və pis rəftarla bağlı iddialar beynəlxalq təşkilatların diqqətindədir.
““İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hesab edir ki, beynəlxalq təşkilatların bu çağırışları qarşıdurma mövzusu kimi deyil, problemlərin həlli üçün bir imkan kimi qiymətləndirilməlidir. Azərbaycan hökuməti səsləndirilən iradları diqqətlə araşdırmalı, əsaslı narahatlıqların aradan qaldırılması üçün konkret addımlar atmalıdır”.

Milli Məclisin YAP-dan olan deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında deyir ki, Avropa Parlamenti kimi qurumlar insan haqlarını Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir: “Avropa Parlamentinin son qətnaməsində Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan separatçıların azadlığa buraxılması ilə bağlı çağırışlara necə loyal yanaşmaq olar? Bu məsələyə münasibət bildirərkən Azərbaycan xalqının yaşadığı faciələri və həmin cinayətlərin qurbanlarını da nəzərə almaq lazımdır.
Bərdə və Gəncə şəhərlərində törədilmiş hücumlar nəticəsində günahsız insanlar, o cümlədən azyaşlı uşaqlar həyatını itirib. Bu faciələr Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Belə bir tarixi reallıq fonunda həmin şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışların cəmiyyət tərəfindən birmənalı qarşılanmaması təbiidir. Bununla belə, hər bir şəxsin hüquqi vəziyyəti konkret faktlar və məhkəmə qərarları əsasında qiymətləndirilməlidir”.
Ölkədəki həbslərə gəlincə, Məlahət İbrahimqızı deyir ki, Azərbaycanda həbslərlə bağlı ayrı-seçkiliyin mövcud olduğunu düşünmür:
”Bu gün hər hansı bir icra başçısının öz iş otağında həbs edilməsi göstərir ki, vəzifəsindən, siyasi partiya mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdeh olmalıdır. Əsas prinsip ondan ibarətdir ki, qanun hamıya eyni şəkildə tətbiq edilməli və heç kim tutduğu vəzifəyə və ya siyasi mövqeyinə görə məsuliyyətdən kənarda qalmamalıdır”.
Günay Mahirqızı
Gununsesi.info












