Nazirlər kabinetinin 6 oktyabr 2026-cı il tarixli Qərarının tətbiqi ilə bağlı mübahisələr gündəmin əsas mövzusuna çevrilib. Əslində qərarın mahiyyəti kifayət qədər sadədir və dövlət ümumtəhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqini nəzərdə tutur.
Belə bir məsələnin müvafiq dövlət orqanları tərəfindən tənzimlənməsi də heç bir təəccüb və ya irad doğurmamalıdır. Ən azı ona görə ki, dövlət məktəbləri müstəsna olaraq dövlətə məxsusdur və müvafiq olaraq bu müəssisələrdə iş rejimi, tədris proqramları, dərs saatları, əməyin ödənilməsi, işçilərin sığortası və social müdafiəsi kimi bütün məsələlər, o cümlədən dövlətə məxsus müəssisələrdə davranış və geyim kodeksi də məhz dövlət tərəfindən tənzimlənir. Eyni məntiqlə dünyanın demək olar ki, bütün ölkələrində məktəb şagirdləri və müəllimlərinin, o cümlədən təhsil prosesi ilə məşğul olan digər işçilərin həmin ölkə üçün məqbul hesab edilən vahid davranış kodeksi və o cümlədən vahid geyim forması tətbiq edilir. Dünyanın heç bir ölkəsində azacıq da olsa etiraza səbəb olmayan bu prosesin Azərbaycanda qızğın mübahisələrə və hətta təşkil olunmuş etiraz aksiyalarına səbəb olması özü suallar doğurur.
İşçi qaydada öz həllini tapmalı olan bir məsələnin dini inanclarla əlaqələndirilməsi və məhz belə bir həssas anlayış üzərindən kütləyə ötürülməsi və ictimai itaətsizliyə çağırışlar məsələnin qərəzli şəkildə siyasiləşdirildiyini göstərir. Bu halda maraqlı qüvvələrin kimliyini müəyyənləşdirmək və onların məqsədini anlamağa çalışmaq problemin həllini asanlaşdıra bilər.
Məsələnin lüzumsuz olaraq siyasiləşdirildiyinə əmin olmaq üçün baş verən hadisələrin ölkədə, bölgədə və ümumiyyətlə qlobal arenada baş verən siyasi hadisələr kontekstində araşdırılmasına ehtiyac yaranır. Siyai, iqtisadi və hərbi cəhətdən güclü dövlətlərin imperiya asılılığından yeni qurtulmuş ölkələrdə təsir gücü əldə etmək və yeni müstəqilləşmiş dövlətləri öz təsir dairəsinə cəlb etmək siyasəti beynəlxalq münasibətlər sisteminin funksionallığına xas olan bir əlamətdir. Bu əlamətin mənfi təsirlərini biz 1991-ci ildən bəri öz üzərimizdə həmişə hiss etmişik və bu gün də hiss edirik. Hələ 90-cı illərdən imperiya mərkəzinin siyasəti keçmiş müttəfiq respublikaların müstəqilliyinə mane olmaq və onların öz siyasi-iqtisadi orbitindən uzaqlaşmasına imkan verməməkdən ibarət idi. Eyni zamanda Avropa yeni yaranan dövlətləri “demokratiya”, “insan haqları” “Avropa dəyərləri” və s kimi cəlbedici şüarlarla pərdələnmiş yumşaq güc vasitəsilə öz təsir dairəsinə salmağa cəhdlər edir. Amerika Birləşmiş Ştatları da təbii resurslarla zəngin olan yeni müstəqil dövlətləri yeni texnologiya və yüksək həyat standartları ilə təşviq etməklə özünün dayaq nöqtəsinə və son nəticədə hətta hərbi plasdarmına çevirməyə çalışır. Lakin bu iddialarda olanlar yalnız böyük güc mərkəzləri deyillər. Ən azı regional səviyyədə diktə siyasəti yürütməyə cəhd edən İran İslam Respublikasının da bu istiqamətdəki fəaliyyəti hələ müstəqilliyimizin ilk günlərindən başlayıb və bu günə qədər bir neçə mərhələdən keçib. Müstəqilliyimizin bərpa edilməsi ilə eyni zamanda baş verən Qarabağ savaşı humanitar dəstək adı altında ölkəmizə gəlmək, lazımi kəşfiyyat əməliyyatları aparmaq, müvafiq strateji planlar qurmaqla özünün təsir siyasətini müəyyənləşdirmək üçün ideal bir vəziyyət yaratmışdı. Sovet imperiyasının çöküş dalğasında hakimiyyəti ələ keçirmiş və siyasətin nə olduğunu bilməyən psevdo-patriot cəbhəçilər, müsavatçılar və onlarla cırtdan partiyaların təmsilçiləri ölkəni sanki hərraca çıxarmışdılar. Hər gün torpaqlarımızın itirildiyi, yüzlərlə soydaşımızın qətlə yetirildiyi, minlərlə Azərbaycanlının Ermənistandan və Qarabağdan qovulduğu bir zamanda hakimiyyət daxilində getdikcə qızışan səlahiyyət müharibəsi döyüş bölgəsində olduğundan daha kəskin və amansız xarakter almışdı.
Məhz həmin dövrdə “humanitar dəstək” missiyası ilə Azərbaycana gələn İran kifayət qədər sərbəst fəaliyyət göstərmək imkanı əldə etmişdi və tezliklə Azərbaycanı öz təsir dairəsinə almaq və ölkə ərazisində öz siyasətini diktə etmək iddiasında idi. lakin 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu planı alt-üst etdi. İranın cəbhə xəttinə yaxın bölgədə yaratdığı qaşqın düşərgəsində aparılan ideoloji nüfuz siyasətinin qarşısı alındı və missiya yarımçıq qaldı. İran bu uğursuzluğu cəbhə bölgəsində işğalçılara dəstək verməklə kompensasiya etmək yolunu tutdu. İşğalın davam etdiyi bütün sonrakı illərdə İran Ermənistanı siyasi, hərbi və iqtisadi cəhətdən dəstəklədi, lakin bununla da kifayətlənmədi.
Azərbaycan cəmiyyətində şəbəkələnməyə və öz teokratik hakimiyyət modelini təbliğ etməyə cəhd göstərən İran ayrı-ayrı bölgələrdə və Bakıda özünün dayaq nöqtələrini yaratdı. İran hakimiyyətinin bu siyasəti özünün şəbəkə təzahürünü Nardaran qəsəbəsində tapdı. Azərbaycan dövlətinin qətiyyətli tədbirləri nəticəsində İranın ideoloji diffuziya siyasəti növbəti dəfə iflasa uğradıldı.
2020-ci ilin Vətən müharibəsindəki qələbəmizdən sonra sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran əməlində
Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına əngəllər yaratmağa, Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışdı və hələ də ççalışmaqdadır. Fasiləsiz olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə narkotik maddələrin ixracının təşkil edilməsi, dini təhsil adı altında gənclərin casusluğa cəlb olunması kimi əməliyyatlar da İranın istədiyi təsiri yarada bilmədi.
Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı tolerant bir cəmiyyət olduğunu və dini azadlıqların tam şəkildə təmin edildiyini fürsət bilərək siyasi İslam ideyasını ortaya atan İran Azərbaycanda dinin siyasiləşdirilməsi taktikasına start verdi.
Bu günlərdə məktəblərdə baş verən hadisələr məhz dinin siyasiləşdirilməsi üzərindən Azərbaycan ictimai-siyasi həyatına daxil olmaq və ölkədə sabitliyi pozmaq məqsədi daşıyan təxribat əməliyyatıdır. Bu əməliyyatın ideya müəllifləri və memarları
Azərbaycan dövlətinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarına, eləcə də cəmiyyətin böyük bir qisminə çoxdan bəlli idi. İcraçıları isə məhz bu günlərdə baş verən hadisələrdə özlərini göstərdilər. Məktəbli formasının tətbiqini dini azadlığın pozulması kimi qələmə verməyə cəhd göstərən yerli şəbəkənin etiraz aksiyaları üzlərinə “siyasi müxalifət” maskası taxmış, amma əslində nəyin bahasına olursa olsun növbəti dəfə hakimiyyəti ələ keçirmək iddiasını reallaşdırmaq üçün ABŞ-da, Fransada, Londonda və bir sıra digər mərkəzlərdə özünə sığınacaq tapmış sadəlövh “mühacirləri” də ruhlandırmışdı.
Əhalini bu anti-milli aksiyalara qoşulmağa və dövlətə qarşı “İslam yürüşünə” çağıran mühacirlər necə tez həvəslənmişdilərsə eləcə də tez soyudular. Onlar və onların sponsorları bir daha anladılar ki, Azərbaycan dövlətinin və cəmiyyətinin bu kimi müdaxilələrə müqavimət gücü kifayət qədər sərt və qətiyyətlidir. Odur ki, bu təxribatların da qarşısı yerindəcə alındı. Bu xaricdən Azərbaycan cəmiyyətinə sızma əməliyyatının növbəti dəfə iflasa uğradığını göstərir.
Bu hadisələrdən hamının çıxarmalı olduğu dərslər var. Azərbaycan vətəndaşı əmin olmalıdır ki, bizim azadlıqsevər, sülhpərvər və tolerant cəmiyyətimizi təkcə Ermənistan kimi müharibə ilə yox, həm də yumşaq güc vasitəsilə sınağa çəkməyə həmişə hazır olan qüvvələr var. Onlar xaricdə yerləşsələr də bizim daxilimizə sızmaqla dövlətçilik naminə göstərdiyimiz milli həmrəyliyimizi və daxili sabitliyimizi sarsıtmağı hədəfləyirlər. AXC-Müsavat idarəçiliyi illərində ayrı-ayrı dəstələr halında qruplaşaraq küçələrdə reydlər keçirən, başı aşıq və sivil geyimli qadınlara və qızlara hücum edən, hamının gözü qarşısında onları təhqir edən, onları alçaldan və hətta döyməyi belə özlərinə rəva bilən qaragüruhçular bu gün də sivil cəmiyyətə qarşı təcavüzkar hücuma hazırdırlar.
Cəmiyyət həyatına belə kobud müdaxilə cəhdləri həmişə olub və heç zaman da bitməyəcək. Bu dövlətçiliyimiz və suverenliyimiz, müstəqilliyimiz və azadlığımız uğrunda apardığımız və həmişə aparmalı olduğumuz daimi mübarizədir. Bu dövlətin qurulması və onun təcavüzdən, işğaldan və məhv olmaqdan qorunması üçün canından keçən minlərlə şəhidlərimiz var. Bütün insanlara azadlıq və bərabərlik, bütün dinlərə sərbəstlik, bütün mədəniyyətlərə rəğbət və ehtiram olunmasına zəmanət verən milli dövlətçiliyimizin hər cür yad təsirlərdən qorunması və bizdən sonrakı nəsillərə ləyaqətlə ötürülməsi bizim ən müqəddəs missiyamızdır.












