“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker istismara verilib.
ASCO-dan verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur.
Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.
Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi – “Şuşa” gəmisi 15 iyun – Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin – “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.
Gununsesi.info