Arzu Nağıyev saxta qazilərdən danışdı: “Layiqli cəzalarını alıblar”

  • By admin
  • 16 Noyabr 2021 16:15

“Bütün müharibələrdən sonra belə hallar olub və layiqli cəzalarını da alıblar. Özünü qəhrəman kimi göstərmək istəyən, kiminsə haqqına girib onun orden və medallarından istifadə edənlər olub və olacaq. Lakin cəmiyyət də buna kəskin reaksiya verməlidir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Arzu Nağıyev deyib. Zəfər günü Dənizkənarı Milli Parkda təşkil edilən atəşfəşanlıq zamanı bayramı qeyd edən insanların içərisində əsa ilə gəzən və fişəng səslərinin ona pis təsir etdiyi görüntüsünü yaradaraq özünü qazi kimi təqdim edən şəxsin görüntülərindən danışan millət vəkili qeyd edib ki, bu, qazilərin adına hörmətsizlikdir:

“Məlum məsələdir ki, Vətən uğrunda öz konstitusiya hüquqlarını müdafiə edən və bərpa edən adamlar heç vaxt belə addımlar atmaz. Əlinə silah almasa da, qazilərin haqqına girib özünü müharibə veteranı və ya qazi kimi təqdim edən şəxslərə qarşı cəmiyyət özü cəzasını verməlidir. Allah şəhidlərimizə rəhmət eləsin, həqiqi qazilərimizin cəmiyyətə qarışması çox mühüm məsələdir. Bu cür hadisələr onların qəhrəmanlığına hörmətsizlikdir. Bu adamlar özlərini müəyyən vaxta qədər qazi kimi təqdim edə bilərlər. Lakin sonradan hamısı ifşa olunur və olunacaq”.

Gununsesi.info