“Azərbaycan Avropa üçün etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir” -ŞƏRH

“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxslərinin ardıcıl şəkildə Azərbaycana səfər etməsi tərəflər arasında dialoqun intensivləşdiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini təsdiq edir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Prezident İlham Əliyevin bəyanatında da vurğulandığı kimi, bu gün Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərdə görünməmiş dinamika müşahidə olunur. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfərləri Avropa İttifaqının Azərbaycanı regionun əsas tərəfdaşlarından biri kimi qiymətləndirdiyini göstərir.

Münasibətlərin əsas dayaqlarından biri iqtisadi əməkdaşlıqdır. Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Aİ üzv dövlətlərinin payına düşür. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla həyata keçirilməsi ölkəmizin regionun aparıcı iqtisadi aktoru olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan–Avropa İttifaqı münasibətlərində enerji əməkdaşlığı isə strateji tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır. Dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu artıq konkret nəticələr verməkdədir. Həmin dövrdən etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracının 65 faiz artması və hazırda Azərbaycan qazının Aİ-nin 10 üzv dövlətinə çatdırılması enerji əməkdaşlığının davamlı şəkildə inkişaf etdiyini göstərir. Bu göstəricilər həm Azərbaycanın etibarlı enerji təchizatçısı statusunu möhkəmləndirir, həm də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını nümayiş etdirir.

Qlobal geosiyasi şəraitdə enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 3500 kilometrlik Cənub Qaz Dəhlizi artıq təkcə enerji layihəsi deyil, Avropa ilə Azərbaycan arasında strateji əməkdaşlığın ən uğurlu nümunələrindən biridir”.

Deputat əlavə edib ki, bununla yanaşı, Azərbaycan yalnız enerji sahəsində deyil, həm də beynəlxalq nəqliyyat və logistika marşrutlarının inkişafında mühüm rol oynayır:

“Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi, liman, dəmir yolu və logistika infrastrukturuna yatırılan böyük investisiyalar Azərbaycanın Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə imkan yaradıb. Xüsusilə yeni geosiyasi şəraitdə bu marşrutların əhəmiyyəti daha da artır və Avropa İttifaqının da bu istiqamətə artan marağı təsadüfi deyil.

Əməkdaşlığın yeni və perspektivli istiqamətlərindən biri isə bərpaolunan enerji sahəsidir. Azərbaycanın günəş, külək və hidroenerji potensialı ölkəni “yaşıl enerji” istehsalçısı kimi də ön plana çıxarır. Artıq xarici və yerli investorlarla imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində əlavə 8 giqavat gücündə günəş və külək enerjisinin istehsalının planlaşdırılması Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Bu isə ölkənin gələcəkdə Avropa üçün yalnız təbii qaz deyil, yaşıl enerji ixracatçısı kimi də strateji tərəfdaş mövqeyini gücləndirə bilər.

Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri də regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi oldu. Dövlət başçısının vurğuladığı kimi, ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar nəticəsində sülh prosesində mühüm irəliləyiş əldə olunub və artıq regionda de-fakto sülh mühiti formalaşmaqdadır.

Azərbaycanın sülh gündəminə sadiqliyi isə təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması, humanitar və iqtisadi xarakterli addımların atılması, o cümlədən yanacaq təchizatının həyata keçirilməsi göstərir ki, Bakı sülhün praktik nəticələrinin formalaşdırılmasında maraqlıdır. Bu yanaşma Azərbaycanın bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq modelinin tərəfdarı olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas mesajlardan biri də ondan ibarətdir ki, Azərbaycan artıq sülhü nəzəri anlayış kimi deyil, real siyasi və iqtisadi proses kimi qəbul edir. İşğal dövrü başa çatıb, ölkə öz suverenliyini və ərazi bütövlüyünü təmin edib və indi əsas prioritet regionda davamlı sülhün möhkəmləndirilməsidir. Bu baxımdan Avropa Komissiyasının normallaşma prosesinə dəstək verməyə hazır olduğunu bəyan etməsi də xüsusi əhəmiyyət daşıyır.

Bütövlükdə, Ursula Fon der Lyayenin Azərbaycana səfəri göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəflər iqtisadiyyat, nəqliyyat, yaşıl enerji, regional təhlükəsizlik və sülh quruculuğu kimi istiqamətlərdə strateji əməkdaşlığın yeni modelini formalaşdırırlar. Bu isə Azərbaycanın həm Avropa üçün etibarlı tərəfdaş, həm də Cənubi Qafqazda sabitlik, enerji təhlükəsizliyi və regional əməkdaşlığın aparıcı aktoru kimi mövqeyini daha da möhkəmləndirir”.

 

 

Şəbnəm

Gununsesi.info