“Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır”

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq nümunələrindən biri kimi ən yüksək standartlara uyğunlaşdırılıb. Ordumuz dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, hərbi təhdidlərin qarşısını almaq, sərhədləri qorumaq və dövlət maraqlarını ən yüksək səviyyədə müdafiə etmək missiyasını şərəflə yerinə yetirir”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib:

“Bu gün üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində əzəmətlə dalğalanmasını təmin edən Silahlı Qüvvələrimiz, qalib ordu olmaqla yanaşı, həm də yaşadığımız regionda sülhün təminatçısı rolunu oynayır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi rəşadət, şərəf və igidlik bayramını qeyd edir, Azərbaycanın qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən naminə hərbi əməliyyatlar zamanı yaralanan, sağlamlığını itirən döyüşçülərimizə Allahdan şəfa diləyirik.

Əziz hərbi qulluqçular və veteranlar! Azərbaycanın hərbi qüdrətinin artması, müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmət göstərən hər kəsə ehtiramımızı bildirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırır, möhkəm can sağlığı və həyatın bütün sahələrində davamlı uğurlar arzulayırıq”.

 

 

Şəbnəm

Gununsesi.info