Azərbaycana qarşı Avropa Məhkəməsindən qərar: hüquq pozuntusu təsdiqləndi

  • Müəllif: Firuzə
  • 24 Mart 2026 19:02

Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı mülkiyyət hüququnun pozuntusuna dair qərar qəbul edib.

2016-cı ildə Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonunun, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında qərar qəbul edib.

Gununsesi.info  xəbər verir ki, daha sonra Səbail rayon icra hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sökülməsi və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla binanın söküntüsü və sakinlərin köçürülməsi “F.B.” MTK-ya həvalə edilib.

Həmin ərazidə yaşayan ərizəçilər (ana və övlad) Səbail rayon İcra hakimiyyətinin sərəncamının etibarsız hesab edilməsinə dair iddia qaldırıb.

Bu ərəfədə onların mənzilləri sökülüb, sonradan məhkəmə onların iddiasını təmin etməyib. Məhkəmə ərizəçilərin mülkiyyət hüquqlarının pozulmadığı qənaətinə gəlib, çünki onlara əvvəlkindən 10%-dən çox böyük sahəyə malik yeni təmirli mənzil veriləcək və tikinti müddətində kirayə xərcləri ödəniləcəkdir.

Bundan sonra ərizəçilər maddi zərərin əvəzinin ödənilməsinə dair iddia veriblər, bu iddiaları da yerli məhkəmələr tərəfindən rədd edilib.

Avropa Məhkəməsi qeyd edib ki, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiqlənməlidir və bundan sonra təmir üçün müddət təyin edilməlidir. Əgər mülkiyyətçi bunu yerinə yetirməzsə, əmlak məhkəmə qərarı ilə hərracda satıla bilər.

Məhkəmə həmçinin göstərib ki, ərizəçilərə yeni mənzil təklif olunsa da, onlar bunu qəbul etməyiblər. Daxili məhkəmələr pul kompensasiyası əvəzinə yalnız yeni mənzil verilməsini əsas götürüb. Lakin belə qərarın verilməsi üçün konkret hüquqi norma göstərilməyib. Buna görə belə kompensasiya qanuni hesab edilə bilməz.

Buna görə də Məhkəmə belə nəticəyə gəlir ki, müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olmayıb. Buna görə əlavə olaraq ictimai maraq və ya balans məsələsinin araşdırılmasına ehtiyac qalmır. Beləcə, Məhkəmə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun baş verdiyi nəticəsinə gəlib.

Dəymiş maddi zərərlə bağlı Məhkəmə qeyd edib ki, ərizəçilərin mənzili sökülüb və əvvəlki vəziyyətin bərpası mümkün deyil. Buna görə də maddi zərərə görə 126.000 avro, mənəvi zərərə görə 3000 avro, məhkəmə məsrəflərinə görə 2919 avro kompensasiya ödənilməsini müəyyən edib.

Gununsesi.info