Azərbaycanda qeyri-formal məşğulluğun səviyyəsi gizlədilir - EKSPERT NAZİR MÜAVİNİNİ TƏKZİB EDİR

  • By admin
  • 18 Noyabr 2022 13:28

 

Rövşən Ağayev: “Mübarizə proqramı elan edirsən, amma heç bir baza və hədəf göstəricisi də bəyam eləmirsən?”

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini bildirib ki, qeyri-formal məşğulluqla mübarizə tədbirləri çərçivəsində əmək müqavilələrinin sayı 400 min artıb. Bu statistika uzun müddətdir səsləndirilir və xüsusən də 2017-ci ildə təsdiqlənən qeyri-formal məşğulluqla mübarizə üzrə Tədbirlər Planının icrasının, özəl sektorun 2019-cu ildən əmək haqqına görə gəlir vergisindən azad edilməsinin nəticə verdiyini nümayiş etdirmək üçün istifadə edilir.

Gununsesi.info-ya açıqlamasında nazir müavinin açıqlamasını şərh edən iqtisadçı Rövşən Ağayev deyir ki, o zaman belə bir suala da aydınlıq gətirmək lazımdır: “Əmək müqavilələrinin sayı 400 min artıbsa, son 4 ildə muzdla işləyənlərin sayı niyə cəmi 150 min nəfər artıb? “Hələ o başqa məsələ ki, bu 150 min nəfərlik artımın da hamısını mübarizə və güzəşt tətdbirlərinin nəticəsi kimi təqdim etmək məntili görünməz. Çünki ondan əvvəlki 5 ildə də elə muzdlu işçilərin sayı plansız və güzəştsiz 150 min nəfər artmışdı”.

İqtisadçının sözlərinə görə, nazir müavinin başqa bir məlumatı bu olub ki, həmin dövrdə əmək haqqı fondu da 2.2 dəfə artıb: “Amma nə məsələdirsə, dəfələrlə bu rəqəmi səsləndirsələr də, istinad dövrünün başlanğıcında və hazırda əmək haqqı fondunun mütləq ifadədə nə qədər olduğunu demirlər. Halbuki milli hesablar statistikası 2018-2021-ci illər üzrə iqtisadiyyatda formalaşan əmək haqqı fondunun təxminən 50% və ya 7 mlrd. manat artaraq 15 mlrd. manatdan 22 mlrd. manata çatdığını göstərir”.

Ekspert vurğulayır ki, heç bir rəsmi sənəddə Azərbaycanda qeyri-formal məşğulluğun payı və metləq ifadədə sayı ilə bağlı heç bir rəqəm səsləndirilmir: “Mübarizə proqramı elan edirsən, amma heç bir baza və hədəf göstəricisi də bəyam eləmirsən? Gülməlidir, deyilmi”.

 

Afət Abbasova

Gununsesi.info