Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır -Sahil Babayev

Azərbaycan qlobal miqyasda ciddi bir enerji amilinə çevrilib. Azərbaycan həm regionun, həm Avropanın, həm də tərəfdaşların enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm bir rol oynayır.

Gununsesi.info  xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan yalnız energetika sahəsinin inkişafına əsaslanmamalıdır:

“Biz eyni zamanda iqtisadiyyatın, ixracın şaxələndirilməsi və genişləndirilməsi, yeni bazarlara çıxış, eyni zamanda infrastrukturun gücləndirilməsi üzərində işləyirik. Azərbaycan bu gün infrastruktura çox ciddi investisiyalar yatıran bir ölkədir.

Bizim avtomobil yolları, dəmir yolları, hava nəqliyyatı, su nəqliyyatı istiqamətində çox mühüm nailiyyətlərimiz mövcuddur. Bu gün baş verən geosiyasi çətinliklər, çağırışlar fonunda Orta Dəhlizin rolu getdikcə artır. Orta Dəhliz isə məhz Azərbaycandan keçir. Asiyanı Avropa ilə birləşdirir, Xəzər dənizini Qara dənizlə birləşdirir və eyni zamanda bir çox digər istiqamətlər üzrə alternativ marşrutlar təklif edir. Bu baxımdan Azərbaycan bir tərəfdən enerji təhlükəsizliyində vacib bir rol oynayır, digər bir tərəfdən isə nəqliyyat infrastrukturu baxımından bir körpü rolu oynayır. Düşünürük ki, bu istiqamətlərin inkişaf etdirilməsi, əlbəttə ki, bizim gələcək imkanlarımızı daha da genişləndirəcək”.

Gununsesi.info