“Böyük və şərəfli bir tarixi dövrdə yaşayırıq. Bir neçə gün əvvəl Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir bunu bir daha göstərdi”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı, həmçinin “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimində çıxışı zamanı deyib:
“Türk dünyası artıq təkcə geniş bir birlik deyil, həm də böyük coğrafiyaya, zəngin ortaq irsə və güclü əməkdaşlıq imkanlarına malik bir məkandır. Biz də bu birliyin üzvləriyik.
Bu 100 il asan keçməyib. Türk dünyası çətin sınaqlarla üzləşib, çoxlu ziyalılar təqiblərə məruz qalıb. Buna baxmayaraq, milli kimlik, dil və mədəniyyət qorunub saxlanılıb.
1993-cü ildən sonra, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə türk dünyası ilə əlaqələrin inkişafında yeni mərhələ başlandı. Onun dəstəyi ilə TÜRKSOY yaradıldı və ortaq mədəni irsin qorunması istiqamətində mühüm işlər görüldü.
Bu gün türk dövlətlərinin başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir, əməkdaşlıq daha da genişlənir. Biz öz tariximizi, dilimizi və mədəniyyətimizi dərindən bilməliyik. Çünki keçmişimizi nə qədər yaxşı öyrənsək, gələcəyimizi də bir o qədər möhkəm qura bilərik”.
Şəbnəm












