“Azərbaycanın Suriyaya qaz ixracı strateji və humanist addımdır” -DEPUTAT

“Azərbaycanın Suriyaya qaz ixracı təkcə Azərbaycanın enerji siyasəti baxımından deyil, həm də regional və qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir”

Bunu Gununsesi.info-ya Milli Məclisin deputatı Tural Gəncəliyev vurğulayıb:

“Çünki uzun illər ərzində Suriya üzərində enerji təhlükəsizliyi müxtəlif qüvvələrin əlində bir manipulyasiya alətinə çevrilmişdi.

PKK/PYD terrorçu qruplaşmaları Fərat çayının şərq sahilindəki enerji mənbələrinə nəzarət edərək Suriyanı enerji təminatından məhrum etmişdilər. Halbuki bu ölkə yaxın Şərqdə yerləşən və enerji resurslarına malik bir dövlət olaraq sabit qaz istehlakına tam potensiala malik idi. Lakin illərdir davam edən müharibə, infrastrukturun dağılması və xarici müdaxilələr bu imkanı əlindən almışdı.

Bu çətin vəziyyətdə Azərbaycanın yardım əlini uzatması Suriya üçün enerji təhlükəsizliyi baxımından mühüm bir dönüş nöqtəsidir. Azərbaycanın belə bir ağır durumda olan, qaz istehlakından illərlə məhrum edilmiş və infrastrukturu viran qalmış bir ölkəyə dəstək göstərməsi humanist və strateji addım kimi qiymətləndirilə bilər”.

Deputat bildirib ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və prinsipial qərarı həlledici rol oynayır:

“İndiyədək Azərbaycan qazının əsas ixrac marşrutu Türkiyə üzərindən Avropaya yönəlmişdi və bu, Qərb dövlətlərinin, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə hesab edilirdi. Lakin bu dəfə Azərbaycanın diqqətini Yaxın Şərqə yönəltməsi ölkəmizin strateji düşüncəyə və geniş geosiyasi baxışa malik olduğunu bir daha nümayiş etdirir.

Yaxın Şərq böyük enerji resurslarına malik olsa da, uzun illərdir münaqişələr və müharibələr nəticəsində enerji infrastrukturunu itirib. Belə bir bölgəyə Azərbaycan kimi sabit, etibarlı enerji təchizatçısının daxil olması həm regional sabitlik, həm də qlobal enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu addım Azərbaycanın təkcə Avropada deyil, Yaxın Şərqdə də oyun dəyişdirən aktor olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Cənub Qaz Dəhlizi əsasən Şərqi Aralıq dənizi və Adriatik dənizi istiqamətinə yönəlib. Lakin Suriyaya qaz ixracı yeni bir marşrutun – Yaxın Şərq marşrutunun – mümkünlüyünü göstərir. Bu isə Azərbaycanın gələcəkdə təkcə enerji sahəsində deyil, həm də siyasi, iqtisadi və hətta hərbi sahələrdə Yaxın Şərqdə nüfuzunu artırmaq potensialına malik olduğunu sübut edir.

Yaxın Şərq dünyanın siyasi və hərbi baxımdan ən həssas bölgələrindən biridir. Azərbaycan bu regionda aktiv iştirak etməklə yalnız enerji sahəsində deyil, həm də regional sabitlik və təhlükəsizlik baxımından qlobal aktor statusunu gücləndirir. Suriyaya qaz ixracı bu baxımdan təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan bir addımdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info