Bakıya qarşı daha bir sanksiya çağırışı

Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri yenə bizi işğalçılıqda, etnik təmizləmədə ittiham edir, son proseslər erməni lobbisini əməllicə həvəsləndirib; Aydın Mirzəzadə: “Erməni millətçiləri anlamır ki, dünya onların diktəsi ilə işləmir”

Fransa Senatının, AŞ PA-nın Azərbaycanla bağlı qərəzli bəyanatlarının ardınca ABŞ Konqresi də hərəkətə keçib. Konqresin Ermənistan üzrə qrupunun həmsədrləri Frank Pallone, Qus Bilirakis, Adam Şiff və David Valadao Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıblar. Pallonenin X sosial şəbəkəsində ermənipərəst “dördlüyün” bəyanatı yayılıb və təxribatçı fikirlər səslənib:

“Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmaqdan imtina edir”. Onlar iddia edir ki, oxşar ssenari “100 mindən çox Qarabağ ermənisinə qarşı etnik təmizləmə” həyata keçirmək üçün də istifadə edilib: “ABŞ və onun regional tərəfdaşları Azərbaycanın açıq təhdidlərinə cavab olaraq Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün bütün diplomatik vasitələrdən, o cümlədən sanksiyalardan istifadə etməlidir”. Belə görünür ki, son proseslər erməni lobbisini əməllicə həvəsləndirib. Onlara elə gəlir ki, ölkəmizə sanksiya tətbiq etməyə nail ola biləcəklər. Hətta Azərbaycanın neft-qaz sənayesinə sanksiyalar tətbiqinə çağırışlar səslənməkdədir.

Amma Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfərini başa vurduqdan sonra Azərbaycanla münasibətlərin perspektivinə “xüsusi statuslu” qiymət verib. Cənab Klaar Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözlədiyini bildirib. Bu açıqlama erməni lobbisi üçün bir soyuq duş effekti ola bilər. Aİ-nin Bakı ilə əlaqələri daha da inkişaf etdirmək planı sanksiya arzusunda olanların istəklərini gözündə qoyacaq. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıda imzaladığı strateji qaz sənədi də unudulmamalıdır. Azərbaycan Balkanların, Şərqi Avropanın qaz tələbatının ödənilməsində müstəsna rol oynayır, hansı sanksiyalardan söhbət gedə bilər? Bakıya ən pis halda hansısa əski parçası olan qətnamələr, bəyanatlarla pislik edilə bilər. Eləcə də erməni lobbisinin əlinə baxan konqresmenlərin növbəti çağırışı da keçərsiz olacaq. Yenə eyni adlar, eyni simasızlar… Bu dəfə barəsində cinayət işi açılmış Menendezin adı görünmədi.

Aydın Mirzəzadə yenə paylaşımı ilə gündəm oldu

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, erməni millətçiləri anlamır ki, dünya onların diqtəsi ilə işləmir, dünya onların ideyalarını həyata keçirmək üçün fəaliyyət göstərmir. A.Mirzəzadə hesab edir ki, dünyanın öz maraqları, öz münasibətlər sistemi var: “Azərbaycan bu münasibətlər sistemində özünə layiq olan mötəbər yer tutub. Bu gün Azərbaycan beynəlxalq birlikdə stabilliyin, əmin-amanlığın qorunmasına töhfə verir, müasir və suveren dövlətçiliyin nümunəsini ortaya qoyur. Eləcə də Azərbaycan iqtisadi layihələrlə dünyanın əhəmiyyətli hissəsində, xüsusən Avropada mühüm rol oynayır. Ona görə də ermənilərin sanksiya çağırışları Avropanı diz çökdürmək cəhdləri kimi dəyərləndirilməlidir. Eyni zamanda bu çağırışlar İslam və Türk dünyasına qarşı bir “Səlib yürüşü” çağırışlarıdır. Dünya təbii ki, buna getməyəcək”.  Deputatın fikrincə, heç bir revanşist-millətçi güclər, erməni lobbisi Azərbaycanı öz mövqeyindən çəkindirə bilməz: “Onlara elə gəlir ki, bununla Azərbaycanı öz suveren hüquqlarından çəkinməyə vadar edə biləcəklər. Sadəcə, bu gün aparılan kampaniya çirkin texnologiyadır. Amma heç nəyə nail olmayacaqlar. Azərbaycanın maraqları dünyanın maraqlarının bir hissəsidir və bizi yolumuzdan çəkinməyə məcbur edə bilməyəcəklər”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının sözlərinə görə, Qərbdə erməniləri Qarabağa istədikləri formada – “təhlükəsizlik zəmanəti” altında qaytarmaq istəkləri hələ də var: “Lakin Bakının bunu qəbul etməyəcəyini bilirlər, bu baxımdan, “Qarabağın erməni əhalisi” kartını Azərbaycanı sülh danışıqlarını Qərb düşərgəsində aparmağa məcbur etmək siyasətində istifadə edirlər. Fransa Senatının qətnaməsi, Avropa Parlamenti, AŞ PA, eləcə də Borrelin son açıqlamaları, konqresmenlər… eyni siyasətin tərkib hissəsidir. Hərçənd rəsmi Bakı Ermənistanın gündəliyinin – sərhədin delimitasiyasının İrəvanın təklif etdiyi “güzgü prinsipi” üzrə aparılması, kommunikasiyanın yenə ermənilərin istədiyi formada açılması, Naxçıvana maneəsiz keçidin verilməməsi və s. – irəli sürüldüyü Avropa platformasında danışıqlara getməyəcək, bütün “körpüləri yandırmaq” hesabına olsa belə. Təzyiq dalğasının seçki öncəsi və sonrasında güclənəcəyi də istisna deyil”.

Natiq Cəfərli: "PA seriyalı maşın "belimə minmişdi"" Pravda.az

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərliyə görə, Azərbaycanla sıx iqtisadi əməkdaşlığı olan Avropa Birliyi ölkələri var, onlar sanksiya qərarı gündəmə gəlsə belə, həmin qərara veto qoyacaqlar: “Əgər Qərblə Azərbaycan arasında münasibətlər kəskin pisləşərsə, bundan kim udacaq, kim ziyan görəcək? Hələ ki udan Rusiyadır, uduzan isə Avropa və Azərbaycan. Amma Azərbaycan hökuməti ölkənin iqtisadi durumuna baxıb düşünməlidir – Azərbaycan Rusiya deyil ki, illərlə Qərblə qarşıdurmaya sinə gələ bilsin. Rusiyada Mendeleyev cədvəlində nə varsa mövcuddur, böyük qara iqtisadiyyatı, çirkli pulları, müxtəlif istiqamətlərə çıxışı və nəhayət, nüvə silahı var, onunla başqa cür danışırlar. Azərbaycanın gəlirlərinin 90%-i neft-qazdandır, satdığı istiqamət isə Qərbdir, pullarımız Qərbdədir, münasibətlər alqoritmi Qərblə dizayn edilib”.

 

 

Gununsesi.info