Baş nazir Şeyx Hasina Banqladeşdə istefa verdiyini açıqlayıb. İstefadan sonra etirazçılar Hasianın iqamətgahına basqın ediblər.
Ölkənin mətbuatda əksini tapan xəbərinə görə, 15 illik hakimiyyəti başa çatan baş nazir nəinki istefa verib, hətta ölkəni də tərk edib.
Sakit, eyni zamanda güclü qadın kimi tanınan Şeyx Hasina ölkənin qurucusunun qızıdır və keçmişdə bir çox böhran və sui-qəsd cəhdlərindən sağ çıxıb. Onun hökuməti hakimiyyətdə olduğu müddətdə 57 zabitin ölümü ilə nəticələnən milis sərhəd qüvvələrinin üsyanını, beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edilən üç mübahisəli seçkini, insan haqlarının pozulması iddialarını və müxalifət partiyalarının küçə nümayişlərini geridə qoyub, ölkə iqtisadiyyatına müsbət töhfələr verib.
Banqladeş Ali Məhkəməsi ictimai işə qəbul üzrə əksər kvotanı ləğv etdi. Məhz bu kvotalara qarşı nümayişlər ölkə daxilində şiddətli toqquşmalara səbəb oldu. Əsasən gənc tələbələr olmaqla, 100-dən çox insan həlak olub, yüzlərlə insan isə yaralanaraq xəstəxanalara çatdırılıb. Etirazlar başlayandan bəri həyatını itirənlərin sayının təxminən 300 nəfər olduğu təxmin edilir.
İqtidardakı Avami Birliyi (Awami League) partiyasının rəsmiləri də, Şeyx Hasinanın istefasını tələb edən etirazçıların arxasında müxalifətdə olan Banqladeş Milliyyətçi Partiyası (Bangladesh Nationalist Party-BNP) və qadağan olunmuş Camaat-i İslam hərəkatının ola biləcəyini düşünür.
Hökumət küçə hadisələrinin qarşısını almaq üçün üç günlük tətil elan etdi. Bundan əlavə, “Facebook” və “WhatsApp” daxil olmaqla, bütün sosial media platformalarına giriş məhdudlaşdırıldı, mobil internet şəbəkəsi isə dayandırıldı.
Qeyd edək ki, Banqladeşdə ictimai kvota sistemində mübahisəli islahatlara qarşı başladılan etiraz hökumət əleyhinə nümayişlərlə davam edir. Yeni etirazlarda 2000-dən çox insan paytaxt Dəkkənin bəzi yerlərində toplaşaraq küçələrə çıxıb.