Azərbaycanda daxili bazarı yanacaqla fasiləsiz təmin etmək üçün mühüm addım atılıb. Nazirlər Kabineti idxal olunan yanacaq növləri üzrə vergi yükünü kəskin şəkildə azaldıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Yeni qaydalara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il mayın 1-dən 2027-ci il martın 31-nə qədər ölkəyə gətirəcəyi Aİ-92 markalı benzin və dizel yanacağı üçün xüsusi güzəştlər tətbiq olunacaq. Həmin müddət ərzində idxal edilən 205 min ton benzin və 201 min ton dizel yanacağı üçün aksiz vergisi hər tona görə 200 manatdan cəmi 1 manata düşürülüb.
Hökumətin bu qərarı yanacaq bazarında yarana biləcək qıtlığın qarşısını almağa və təchizatda dayanıqlığı qorumağa xidmət edir. Eyni zamanda Nazirlər Kabineti idxal gömrük rüsumlarının dərəcələrində də buna uyğun tənzimləmələr aparıb. Görülən tədbirlər daxili bazarda yanacaq təminatının fasiləsizliyini sığortalamaq məqsədi daşıyır.
Yəni, dövlət ölkəyə gətirilən benzin və dizelin maya dəyərini aşağı salmaq üçün vergiləri müvəqqəti olaraq minimuma endirib ki, yanacaq təchizatında heç bir problem yaşanmasın.











