“Baş verənlər Ermənistana növbəti xəbərdarlıqdır” -Qüdrət Həsənquliyev

  • By admin
  • 04 Avqust 2022 19:20

Baş verənlər üçtərəfli 10 noyabr 2020-ci il sazişini imzalamış ölkələrə, xüsusilə də Ermənistana müqavilənin şərtləri yerinə yetirilməsinin zəruriliyi ilə bağlı növbəti xəbərdarlıqdır.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, Ermənistan işğalçı hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı, Laçın azad olunmalı, Naxçıvana Rusiyanın nəzarət etdiyi yol açılmalı, müqavilədə nəzərdə tutulan digər razılaşmalar icra olunmalıdır: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına, yəni Qarabağda qızışdırdığı qanlı separatizmə dəstək verməyə son qoymalıdır. Bu olmadıqca, biz onlara rahat həyat haqqı tanımamalıyıq. Əks halda onlar danışıqları daha 30 il uzadacaq. Ermənistan Azərbaycana münasibətdə sülh və yaxın qonşuluq siyasəti aparmasa etnik ermənilərin Azərbaycanda yaşayışı mümkün olmayacaq. Biz elə etməliyik ki, onlar bir saniyə olsun belə bunu unutmasınlar. Azərbaycan Prezidenti Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün nə etməli olduğumuzu bilir. İlham Əliyev bu problemi gələcək nəsillərə saxlamaq istəmir. Sabah Ərdoğan Putinlə görüşəcək və bu məsələ növbəti dəfə müzakirə olunacaq. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!”

Qüdrət Həsənquliyev hesab edir ki, baş verənləri Rusiyanın oyununda yer almağımız kimi “qiymətləndirənlər” uğurlarımızdan pərt olanlardır: “Hər kəs bilməlidir ki, onlar sığındıqları və himayə olunduqları ölkələrin maraqlarından çıxış edirlər. İçərilərində az-çox vətənpərvərlik hissi qalanlar isə əminəm ki, gizlincə sevinirlər. Amma əzizlərini erməni faşistlərinin terror edib öldürdüyü şəxslərin “Haykanuş” kimi davranmaları və açıqlamaları çox üzücüdür. Bu iqtidarı sevməmək olar, ancaq Qarabağdakı uğurlara sevinməyib onun üzərinə kölgə salmaq üçün vurnuxub arqumentlər axtarmaq, bizi Pelosinin Qarabağa gələ biləcəyi ilə bizi qorxutmağa çalışmağın tək adı öz ölkənə xəyanətdir. Təəssüf ki, Rusiya münaqişənin həllində maraqlı görünmir və bu səbəbdən, Ermənistana təzyiq etmir. Yalnız, “tərəflər üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməlidir” kimi açıqlamlar verməklə kifayətlənir. Azərbaycan isə regionun inkişafı üçün qısa müddətdə sülh sazişinin imzalanmasını və münaqişəyə son qoyulmasını istəyir. Bundan başqa, əgər Rusiyanın maraqları ilə Azərbaycanın maraqları hansısa məsələdə üst-üstə düşürsə və bu bizə imkan verirsə ki, uğurlar əldə edək, onda buna sevinməliyik və bu bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın. Əsas bizim haqq işimizdə nailiyyətlər əldə etməyimizdir. Çalışmalıyıq ki, bütün həssas məsələlərdə regionun böyük dövlətləri haqqın və ədalətin yanında olsun, beynəlxalq hüququ dəstəkləsin”.

Gununsesi.info