Prezident seçilən Donald Trampın uzun müddətdir siyasi rəqibi olan ABŞ Prezidenti Co Bayden cümə axşamı Trampın bu həftə əldə etdiyi qələbəsinin “ədalətli” və “şəffaf” olduğunu və yanvarın 20-də hakimiyyətin dinc yolla ötürüləcəyini elan etdi.
Ağ Evdə onlarla yardımçısı önündə çıxış edən Bayden Trampın onun Vitse-prezidenti Kamala Harrisi məğlub etdiyini qəbul etdiyini bildirdi.
“Xalqın iradəsi həmişə qalib gəlir,” Bayden dedi. “Dəfələrlə dediyim kimi, ölkəni yalnız qalib gələndə sevə bilməzsən. Qonşunu da yalnız razılaşdığınız zaman sevə bilməzsən,” o əlavə etdi.
Əlli ildir Demokrat siyasi xadim olan Bayden, vitse-prezidentinin kampaniyasını “ruhlandırıcı” kimi qiymətləndirdi və onun bu kampaniyaya “ürəyini qoyduğunu” söylədi.
“Biz bu mübarizədə məğlub olduq. Uğursuzluqlar qaçılmazdır, amma təslim olmaq bağışlanmazdır. Biz yaxşı olacağıq, amma davam etməliyik. Və hər şeydən öncə, inamımızı qoruyub saxlamalıyıq,” Bayden dedi.
Bayden ABŞ lideri vəzifəsindəki müddətini gələcək illərdə də “insanların həyatını dəyişdirəcək tarixi prezidentlik” kimi təsvir etdi, xüsusilə də prezidentliyinin ilk iki ili ərzində Konqresin təsdiq etməsi üçün təzyiq göstərdiyi ölkə daxilindəki infrastrukturun yaxşlılaşdırılması baxımından.
2020-ci il seçkisində qalib gələrək, Trampın vəzifədən getməsinə səbəb olan Bayden yeddi dəqiqəlik çıxışında dedi ki, o, Respublikaçı siyasi rəqibi və indi də xələfi olacaq Trampa “dünyanın ən güclü iqtisadiyyatını” miras qoyur.
Gununsesi.info